
Bakı. Trend:
İtaliya Yaxın Şərqdəki vəziyyətə görə Qətərdən qaz tədarükünün
dayandırılması fonunda qaz tədarükünün təmin edilməsi üçün ABŞ,
Azərbaycan və Əlcəzair də daxil olmaqla bir neçə ölkə ilə
danışıqlar aparır.
Trend xəbər verir
ki, bunu İtaliyanın energetika naziri Cilberto Piçetto Fratin
Milanda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Artıq dayandırılmış Qətərdəki mayeləşdirilmiş təbii qaz (LNG)
istehsalı zavodunun da bombardmana məruz qalması faktı qiymətlərə
dağıdıcı təsir göstərib”, – deyə o qeyd edib.
Bundan əvvəl Qətər qaz təchizatı üçün fors-major elan edib və
aprel ayında tədarüklə bağlı müqavilə öhdəliklərini yerinə yetirə
bilməməsi barədə “Edison” şirkətini xəbərdar etmişdi.
Qeyd edək ki, hazırda İtaliya Azərbaycandan ən çox qaz alan
ölkədir və bu qaz Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə
Avropaya tədarük olunur. Bu boru kəməri Xəzər yataqlarını Avropa
bazarları ilə birləşdirən və qitənin enerji təchizatının
şaxələndirilməsini təmin edən Cənub Qaz Dəhlizinin Avropa
seqmentidir.
TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edir
və onun 20 milyard kubmetrə qədər artırılması imkanı nəzərdə
tutulur.
2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni
saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti
təqdim edib.
2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz
tədarük edib ki, bu da ölkənin ümumi ixracının 38%-ni təşkil
edir.
Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib
ki, bunun da 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”
yataqlarından, 27,9 milyard kubmetri “Şahdəniz” yatağından, 1,6
milyard kubmetri “Abşeron” yatağından və 7,9 milyard kubmetri
SOCAR-dan hasil edilib.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib: Avropaya
12,8 milyard kubmetr, Türkiyəyə 9,6 milyard kubmetr (o cümlədən
TANAP vasitəsilə 5,6 milyard kubmetr), Gürcüstana 2,3 milyard
kubmetr və Suriyaya 0,5 milyard kubmetr qaz ixrac edilib.


