
Şəklin mənbəyi, Getty Images
Oxuma vaxtı: 3 dəq
ABŞ və İsrailin İrana qarşı müharibəsinin iyirmi birinci günü:
- Britaniya İrana hücum üçün ABŞ-a bazalarından istifadə icazəsi verib.
- Tramp İran rəhbərliyi barədə: “Danışmağa adam tapmırıq”
- Böyük Britaniya İrana xəbərdarlıq edib
Bu və digər xəbərləri aşağıda oxuyun.
Britaniya, Hörmüz boğazını hədəf alan İran obyektlərinə zərbələr endirmək üçün ABŞ-ın öz bazalarından istifadə etməsinə icazə verib.
Baş nazirlik əvvəllər ABŞ qüvvələrinə Britaniya maraqları və ya insan həyatını riskə atan İrandan atılan raketlərin qarşısını almaq məqsədilə Britaniya bazalarından istifadə etməyə icazə vermişdi.
Lakin bu gün keçirilən iclasda nazirlər razılaşıblar ki, ABŞ-ın Britaniya bazalarından istifadəsi indi Hörmüz boğazındakı gəmilərin qorunmasını da əhatə edəcək şəkildə genişləndirilə bilər.
Bununla belə, Britaniya zərbələrdə birbaşa iştirak etməyəcək və Baş nazirlik bildirir ki, “Britaniyanın münaqişəyə yanaşmasının prinsipləri dəyişməz olaraq qalır”.
Baş nazirliyin sözçüsü deyib ki, nazirlər bu gün razılaşıblar ki, bazalar indi “Hörmüz boğazında gəmilərə hücum etmək üçün istifadə oluna biləcək potensial hədəfləri” vurmaq üçün “ABŞ-ın müdafiə əməliyyatları”nda istifadə oluna bilər.
O əlavə edir ki, “nazirlər təcili de-eskalasiyaya və müharibənin sürətli şəkildə həllinə ehtiyac olduğunu vurğuladılar”.
“Biz onlarla danışmaq istəyirik, amma danışacaq heç kimimiz yoxdur” – Tramp

Tramp İranın donanmasını, hava qüvvələrini, zenit sistemlərini, radarlarını və liderlərini sadalayıb və “hamısının getdiyini” deyib.
“İndi orada heç kim lider olmaq istəmir”, ABŞ Prezident deyib. “Biz onlarla danışmaq istəyirik, amma danışacaq heç kimimiz yoxdur”.
“Bizə bu xoş gəlir”, o əlavə edib.
Böyük Britaniya İrana xəbərdarlıq edib

Şəklin mənbəyi, Getty Images
Böyük Britaniya xarici işlər naziri Yvette Cooper cümə axşamı günü telefon danışığında iranlı həmkarı Abbas Əraqçini Böyük Britaniya bazalarına hücum etməmək barədə xəbərdar edib.
Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi açıqlamışdı ki, Tehran Londonu ABŞ‑ın Britaniya hərbi bazalarından istifadə etməsinə icazə verdiyi təqdirdə bunun “təcavüzdə iştirak” kimi qiymətləndiriləcəyi barədə xəbərdar edib.
Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Cooper zəng zamanı “İranın ehtiyatsız hücumlarını”, o cümlədən “kritik enerji infrastrukturuna” zərbələri pisləyib.
O, həmçinin Hörmüz boğazında “gəmiçilik azadlığının dərhal bərpasına” çağırıb və Böyük Britaniyanın müdafiə əməliyyatlarının Körfəz ölkələrinə qarşı “İranın təcavüzünə cavab” olduğunu “aydın şəkildə bildirib”.
İran Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçı Britaniya xarici işlər naziri Yvette Cooper ilə telefon danışığı zamanı Böyük Britaniyanın ABŞ‑a verəcəyi hər hansı yardımın “gərginliyin daha da artmasına” səbəb olacağını deyib.
Əraqçı Böyük Britaniyanı və digər Avropa ölkələrini, ABŞ və İsrailin həyata keçirdiyi və onun “aşkar təcavüz” kimi xarakterizə etdiyi əməliyyatlara qarşı “qərəzli mövqe tutmaqda” ittiham edib.
Məlumata görə, o, həmçinin Böyük Britaniyanı İsrailin İranın Cənubi Fars (South Pars) qaz yatağına endirdiyi zərbələri qınamamaqda tənqid edib.
Britaniya hökumətinin sözçüsü deyib ki, onlar ilkin zərbələrdə iştirak etməyiblər və “daha geniş müharibəyə” cəlb olunmurlar:
“Biz ABŞ-a İranın davam edən və hədsiz təcavüzünə cavab olaraq bazalarımızdan müəyyən müdafiə və məhdud məqsəd üçün istifadə etməyə icazə vermişik və həmişə demişik ki, bu, təcili təhlükəni aradan qaldırmağın və diplomatiya yoluna qayıtmağın ən yaxşı yoludur”.


