
Bakı. Trend:
Kanadanın Vankuver şəhərində yerləşən “Terri Foks” teatrında
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettası nümayiş olunub. Operetta Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin, “EventTop Cloud Services”
şirkətinin dəstəyi, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının,
“Turkuaz” Türk İncəsənət və Mədəniyyət Fondunun təşkilatçılığı ilə
səhnələşdirilib.
Bu barədə Trend-ə komitədən məlumat verilib.
“Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvlərinin
iştirakı ilə müasir üslubda quruluş verilən tamaşanın premyerasında
Azərbaycan diasporunun və müxtəlif millətlərin nümayəndələri bir
araya gəlib.
Tamaşada rolları İlyas Gəncəviniya (Əsgər), Kristina Rəhimova
(Gülçöhrə), Rövşən Tağıyev (Süleyman), Nəsrin Əttari (Asya), Məmməd
Peyğəmbəri (Soltan bəy), Nurqəmər Peyğəmbəri (Cahan xala), Leyla
Kərəmzadə (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri
ifa ediblər. Rəngarəng milli geyimlərdə çıxış edən aktyorlar,
rəqqaslar və musiqiçilər peşəkar ifaları ilə tamaşaçılara unudulmaz
anlar yaşadıblar. Səhnə əsərini yüksək qiymətləndirən izləyicilər
incəsənət ustalarının çıxışlarını gur alqışlarla qarşılayıblar.
Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı ölməz “Arşın mal
alan” operettasının Vankuverdə səhnələşdirilməsi bir daha göstərdi
ki, Azərbaycanın mədəni irsi coğrafi sərhədləri aşaraq beynəlxalq
auditoriyalarda böyük maraq doğurur.
Tamaşa təşkilatçılara və ifaçılara ünvanlanan səmimi təşəkkür və
minnətdarlıq ifadələri ilə yekunlaşıb.


