
Bakı. Trend:
Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya
Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə
İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir müavini Orxan
Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət
katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan
tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi,
Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat”
ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və
“Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.
Nazir müavini Orxan Zeynalov iki ölkə arasında müxtəlif
sahələrdə, xüsusilə də energetika sahəsində inkişaf etməkdə olan
əməkdaşlığı vurğulayıb. 15 fevral 2026-cı il tarixində Belqradda
Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş
Strateji Tərəfdaşlıq Şurasının iclasının bu əməkdaşlığın
genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi
Sonya Vlahoviç Azərbaycan və Serbiya arasında imzalanmış memorandum
və sazişlərlə iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyə
çatdığını vurğulayıb.
İclas zamanı neft və qaz sektoru, energetika infrastrukturu,
elektrik enerjisi istehsalı və enerji səmərəliliyi istiqamətlərində
geniş müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükünün
həm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. Həmçinin,
Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının
tikintisi üzrə birgə layihə, eyni zamanda istilik təchizatı, yaşıl
enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dair fikir
mübadiləsi aparılıb.


