Bakı. Trend:
İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei danışıqlar
prosesində vasitəçi rolunu oynamış iki ölkə tərəfindən Tehrana
ünvanlanmış gərginliyin azaldılması və ya ABŞ və İsrail ilə atəşkəs
barədə təklifləri rədd edib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
“Reuters” adı açıqlanmayan yüksək vəzifəli iranlı məmura
istinadən xəbər verir ki, Xamenei xarici siyasətlə bağlı ilk
görüşündə ABŞ və İsrailə qarşı “sərt və ciddi” mövqe nümayiş
etdirərək “qisas” tələb edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

