Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan
keçmişdir və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların
65 faizi yaşa görə pensiya alır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar
iclasında deyib.

Millət vəkili bildirib ki, pensiya məbləğlərində artım
tendensiyası davam etməkdədir.

“2025-ci ildə pensiya məbləğləri 9,1 faiz artaraq 541,6 manata
çatıb. Yaşa görə pensiya məbləğində 8,9 faiz, əlilliyə görə pensiya
məbləğində 8,7 faiz, ailə başçısını itirməyə görə pensiya
məbləğində isə 9,4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət
alanları sayı 4,1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq
müavinət alırlar”.




Deputat vurğulayıb ki, çoxuşaqlı ailələrin dəstəklənməsi
prioritet olaraq qalmaqdadır:

“Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7,3
faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət
alan ailələrin sayında isə 17.6 faiz artım olub”.

V.Bayramov əlavə edib ki, qanunvericiyə edilən son
dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların
sayı isə 40 faiz artıb:

“İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan
daha çox uşaqların övladlığa götürülməsi imkan yaradıb. 2026-cı il
yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min
üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, bu vəsaitlər ödənilən
zaman ailədəki uşaqların sayı da nəzərə alınır”.