Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul

Baş səhifə

Bakı. Trend:

Bayram süfrəsində porsiya nəzarəti əsasən balans üzərində
qurulmalıdır. Süfrəyə oturarkən məqsəd bədənin ehtiyacını
dinləyərək yeməkdən zövq almaq olmalıdır.

Trend xəbər verir ki, bu
fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə
Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev
açıqlayıb.




Onun sözlərinə görə əvvəlcə boşqabı çox doldurmamaq, az-az
götürüb ehtiyac olduqca artırmaq daha sağlam yanaşmadır: “Beyin
toxluq siqnalını təxminən 15–20 dəqiqəyə verdiyi üçün tələsmədən
yemək porsiyanın avtomatik olaraq artmasının qarşısını alır və
artıq yemədən doymağı asanlaşdırır. Bayram süfrələrində çeşid çox
olduğuna görə hər yeməkdən mütləq dadmaq məcburiyyəti yoxdur. Daha
çox sevdiyin və bədəni qidalandıran yeməklərə üstünlük vermək,
digərlərindən isə sadəcə dadımlıq götürmək kifayətdir. Yağlı,
qızardılmış və ağır xörəklərlə boşqabı tam doldurmaq əvəzinə
tərəvəz, salat və nisbətən yüngül yeməklərlə balans yaratmaq
porsiya nəzarətini xeyli asanlaşdırır. Bu həm mədənin yüklənməsinin
qarşısını alır, həm də bayramdan sonra yaranan ağırlıq hissini
azaldır”.

Mütəxəssis-ekspert bildirib ki, şirniyyat məsələsində də eyni
yanaşma vacibdir: “Böyük dilimlər yerinə kiçik pay seçmək və bir
neçə növdən az miqdarda dadmaq həm psixoloji olaraq “özümü
saxladım” hissi yaratmır, həm də ümumi şəkər və kalori qəbulunu
nəzarətdə saxlayır. Şirniyyatı ac qarına yox, yeməkdən sonra və ya
çayla birlikdə yemək qan şəkərinin daha stabilləşməsinə kömək edir.
Maye qəbulu da porsiya nəzarətində gizli rol oynayır. Yeməkdən
əvvəl və yemək zamanı kifayət qədər su içmək toxluq hissini
artırır, insanın ehtiyacından artıq yeməsinin qarşısını alır. Eyni
zamanda, qazlı və şəkərli içkilər iştahanı artıra bildiyi üçün
onları məhdud saxlamaq daha məqsədəuyğundur. Ümumilikdə bayram
süfrəsində porsiya nəzarəti qadağalarla deyil, diqqətli seçim,
yavaş yemək və bədəni dinləməklə mümkün olur. Bu zaman bayram
günlərində sağlamlıq qorunur”.