Ekzit-pollar: Qazaxıstan vətəndaşlarının əksəriyyəti yeni Konstitusiyanı dəstəkləyib

Baş səhifə

Qazaxıstanda yeni Konstitusiyanın qəbul olunması ilə bağlı keçirilən referendumun ekzitpol nəticələri açıqlanıb.

APA-nın Astanaya ezam olunmuş əməkdaşının xəbərinə görə, Avrasiya İnteqrasiyası İnstitutunun məlumatına əsasən, sorğu ölkə üzrə 200 seçki məntəqəsində aparılıb və tədqiqatda səsvermədə iştirak etmiş təxminən 30 min vətəndaş iştirak edib.

Ekzitpol nəticələrinə görə, referendumda seçici fəallığı 75,3 faiz təşkil edib. Respondentlərin 86,7 faizi yeni Konstitusiya layihəsinin qəbulunu dəstəklədiyini bildirib.

“Astana Socis A” Kompleks Sosial Tədqiqatlar İnstitutu da öz nəticələrini təqdim edib. Bu institutun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 87,4 faizi yeni Konstitusiyanın qəbulunun lehinə səs verib. İnstitutun qiymətləndirməsinə əsasən, seçki məntəqələrində fəallıq 73,8 faiz olub.

Digər araşdırma isə İctimai Siyasət İnstitutu tərəfindən aparılıb. Təşkilatdan bildirilib ki, sorğunun keçirilməsinə 400-dən çox anketçi cəlb olunub və ekzitpolda 200 seçki məntəqəsində təxminən 24 min vətəndaş iştirak edib.

Bu araşdırmanın nəticələrinə görə, referendumda seçici fəallığı 72,1 faiz təşkil edib. Sorğuda iştirak edənlərin 88,6 faizi yeni Konstitusiyanın qəbulunu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda səsvermə martın 15-də yerli vaxtla saat 20:00-da başa çatıb. Hazırda məntəqə komissiyaları səslərin hesablanmasını aparır.