
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kq) qarşıdan gələn dünya çempionatında səhvlərini təkrarlamamağa çalışacaq.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, güləşçi bunu final görüşündən sonra deyib.
O, müəyyən səhvlərə yol verdiyi üçün qızıl medal qazana bilmədiyini söyləyib:
“Bəzi səbəblər, əksikliklər olduğu üçün qızıl medalı əldən verdim. Xalımız bərabər – 3:3 oldu. Amma müəyyən səhvlərə yol verdim. Bu rəqibimlə növbəti qarşılaşmada ümid edirəm ki qələbə mənim olacaq. Qarşıdan dünya çempionatı gəlir. Səhvlərimi təkrarlamamağa çalışacağam”.
İdmançı Avropa çempionatında keçdiyi yolla bağlı təəssüratlarını da bölüşüb:
“Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim çexiyalı idi. Onun üzərində təmiz qələbə qazandım. Rumıniyalı idmançı ilə görüşdə hesabda geridə olsam da sonradan onu “tuşe” ilə məğlub etdim. Yarımfinalda gürcü idmançını mübarizədən kənarlaşdıraraq finala yüksəldim”.
F.Sadıxlı növbəti hədəflərindən söz açıb:
“Növbəti hədəfim U-23 dünya çempionatıdır. İnanıram ki qızıl medal qazanacağam. Burda avropalı rəqiblərimdən yalnız rusiyalı idmançı ilə başa baş mübarizə apardım. Asiyadan isə kimlərin gələcəyini bilmirəm. Amma çalışacağam bütün rəqiblərimə qalib gəlim”.
Qeyd edək ki, Fərid Avropa çempionatının finalında rusiyalı Alibek Amirova məğlub olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


