
Bakı. Trend:
ABŞ administrasiyası “TikTok”un ABŞ-də fəaliyyətini davam
etdirməsi ilə bağlı Çinlə əldə olunmuş razılaşmaya görə
investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.
Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, yanvar ayında ABŞ və Çin “TikTok”un Amerika
bölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma – “Silver Lake”, “Oracle”, BƏƏ-də yerləşən “MGX” və digər investorlara satılması
barədə razılığa gəlib. Razılaşmadan sonra investorlar ABŞ Maliyyə
Nazirliyinə təxminən 2,5 milyard dollar ödəyiblər.
Müqavilənin şərtlərinə əsasən, onlar daha bir neçə belə
əməliyyat həyata keçirəcəklər və nəticədə ödənişlərin ümumi məbləği
10 milyard dollara çatacaq.
Qəzet qeyd edir ki, bu, hökumətin razılaşmanın təşkilində
göstərdiyi yardım üçün misli görünməmiş dərəcədə yüksək ödənişdir.
ABŞ rəsmiləri isə bildirirlər ki, bu məbləğ ABŞ Prezidenti Donald
Trampın “TikTok”un ABŞ üçün qorunub saxlanılmasında və bu məsələ
ilə bağlı Pekinlə danışıqlarda oynadığı rol ilə izah olunur.


