
Bakı. Trend:
Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında
əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Trend bu barədə
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundov Qara
Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyevlə
görüşüb.
Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığının
iqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesin
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi
istiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığı
sahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarının
artırılmasına xidmət edir.
Görüş zamanı Azərbaycanın strateji inkişaf prioritetləri
haqqında məlumat verilib, Bankla tərəfdaşlığın genişləndirilməsi
potensialı diqqətə çatdırılıb.
Tərəflər Azərbaycanda həyata keçirilən prioritet layihələr, o
cümlədən dövlət-özəl tərəfdaşlığı layihələri, sənaye zonaları,
kiçik və orta sahibkarlığa dəstək istiqamətində birgə fəaliyyət
perspektivləri barədə müzakirə aparıblar.


