
Bakı. Trend:
Müasir dünya dərin geosiyasi dəyişikliklər dövrünü yaşayır.
Beynəlxalq münasibətlər sistemi tədricən transformasiya olunur:
çoxqütblülük güclənir, yeni güc mərkəzləri formalaşır, regional
dövlətlərin və orta güclərin qlobal gündəliyin
müəyyənləşdirilməsində rolu artır. Eyni zamanda müxtəlif
regionlarda siyasi gərginlik və münaqişələrin sayı artır, ənənəvi
beynəlxalq institutların və vasitəçilik mexanizmlərinin
effektivliyi isə getdikcə daha çox müzakirə mövzusuna çevrilir.
Belə mürəkkəb şəraitdə balanslı və praqmatik xarici siyasət
yürüdən, müxtəlif siyasi mərkəzlər arasında dialoq üçün platforma
yarada bilən dövlətlərin rolu xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc
Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, məhz belə yanaşma Azərbaycan
tərəfindən uzun illərdir, ardıcıl şəkildə həyata
keçirilir:
“Müstəqillik illərində ölkəmiz milli maraqlara əsaslanan,
beynəlxalq hüquqa hörmət və qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərinə söykənən xarici siyasət kursu formalaşdırıb.
Azərbaycan həm Avropa dövlətləri və beynəlxalq təşkilatlarla, həm
də Asiya, Yaxın Şərq, Mərkəzi Asiya və türk dünyası ölkələri ilə
əlaqələrini inkişaf etdirərək çoxşaxəli diplomatiya modelini uğurla
həyata keçirir. Bu siyasət Azərbaycanın müxtəlif regionlar arasında
mühüm əlaqələndirici rol oynamasına imkan yaradır”.
Deputat vurğulayıb ki, enerji siyasəti də ölkəmizin
beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol
oynayır:
“Azərbaycan artıq uzun illərdir ki, enerji təhlükəsizliyi
sahəsində etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Cənub Qaz
Dəhlizi Avropanın enerji təminatının şaxələndirilməsinə töhfə verən
strateji layihələrdən biri kimi qiymətləndirilir. Bununla yanaşı,
beynəlxalq nəqliyyat və logistika layihələrinin inkişafı
Azərbaycanın qlobal kommunikasiya sistemində rolunu daha da
artırır. Şərq ilə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı
ölkəmizin Avrasiya məkanında mühüm nəqliyyat qovşağına çevrilməsini
təmin edir”.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın xarici
siyasətində əsas prioritetlərdən biri də Cənubi Qafqazda davamlı
sülhün təmin olunmasıdır:
“Münaqişədən sonrakı dövrdə ölkəmiz Ermənistanla sülh
müqaviləsinin imzalanması, regionda kommunikasiyaların açılması və
iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl mövqe
nümayiş etdirir. Son illərin təcrübəsi göstərir ki, birbaşa dialoq
bəzən uzun müddət davam edən və nəticə verməyən vasitəçilik
formatlarından daha effektiv ola bilər. Uzun illər ərzində
fəaliyyət göstərmiş bəzi vasitəçilik mexanizmləri münaqişənin
həllinə deyil, daha çox prosesin uzadılmasına gətirib çıxarmışdı.
Lakin tərəflər arasında birbaşa danışıqların başlanması sülh
prosesində real irəliləyiş üçün yeni imkanlar yaratdı. Regionda
nəqliyyat əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın inkişafı və
qarşılıqlı ticarətin genişlənməsi Cənubi Qafqazın gələcəkdə
qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrilməsi
üçün mühüm şərtlərdən biri hesab olunur”.
Millət vəkili əlavə edib ki, Azərbaycanın fəal və balanslı
diplomatiyası ölkəmizin beynəlxalq siyasi platformalarda rolunun
artmasına da şərait yaradır:
“Bu baxımdan Bakının iri beynəlxalq tədbirlərə ev sahibliyi
etməsi təsadüfi deyil. Belə tədbirlərdən biri olan Qlobal Bakı
Forumu artıq illərdir ki, dünyanın müxtəlif ölkələrindən sabiq və
hazırkı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların
nümayəndələrini, tanınmış siyasətçiləri və ekspertləri bir araya
gətirən mühüm dialoq platformasına çevrilib. Forum çərçivəsində
beynəlxalq təhlükəsizlik, qlobal idarəetmə sisteminin
transformasiyası, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və
regional münaqişələrin həlli kimi aktual məsələlər geniş müzakirə
olunur. Forumun bu ilki mövzusu – keçid dövründə dünyada fikir
ayrılıqlarının aradan qaldırılması – müasir beynəlxalq
münasibətlərin əsas xüsusiyyətlərini əks etdirir. Doğrudan da dünya
yeni geosiyasi mərhələyə daxil olur və dövlətlər arasında
əməkdaşlıq mexanizmlərinin yenidən formalaşması prosesi gedir. Belə
şəraitdə siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların
nümayəndələri arasında açıq və konstruktiv dialoqun təşkili xüsusi
əhəmiyyət daşıyır”.
Deputatın fikrincə, eyni zamanda Azərbaycan mürəkkəb
geosiyasi regionda yerləşməsinə baxmayaraq daxili sabitliyi qoruyub
saxlayan, davamlı inkişaf modelini formalaşdıran ölkə kimi
tanınır:
“Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri
qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırlar.
Multikulturalizm və sivilizasiyalararası dialoq Azərbaycanın dövlət
siyasətinin mühüm istiqamətlərindən biridir. Bu model beynəlxalq
ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və ölkəmizin
qlobal dialoq üçün etibarlı platforma kimi qəbul olunmasına töhfə
verir”.
S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan yalnız öz milli
maraqlarını qoruyan dövlət kimi deyil, eyni zamanda regional
sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına
töhfə verən məsuliyyətli aktor kimi çıxış edir.
“Enerji və nəqliyyat layihələri, humanitar təşəbbüslər,
diplomatik fəaliyyət və müxtəlif beynəlxalq platformalarda aktiv
iştirak Azərbaycanın qlobal miqyasda rolunun getdikcə artdığını
göstərir. Müasir beynəlxalq münasibətlər sistemində məhz belə
dövlətlər dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın
möhkəmlənməsinə real töhfə verə bilirlər”, – deyə o fikrini
yekunlaşdırıb.


