
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya” mövzusunda regional tədbirdə iştirak edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verur.
Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin birgə təşkil etdiyi tədbirdə regionun mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edib. Dördgünlük tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi, eləcə də monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin “Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri” adlı interaktiv sessiyası çərçivəsində AMB-nin departament direktoru Tural İsmayılov qurumun kommunikasiya fəaliyyətinə dair təcrübəsini iştirakçılarla bölüşüb. O, AMB-nin kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri barədə təqdimat edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


