Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb

Baş səhifə

Ötən il Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 96%-i fiber-optik kabellər vasitəsilə internetə qoşulmaqla 2303,9 min abunəçiyə çatdırılıb.

APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bu abunəçilərin 65%-i 100 Mbit/s və daha yüksək sürətli internet xidmətlərindən istifadə edib.

Hesabat dövründə Bakı şəhəri və regionlarda telekommunikasiya şəbəkəsinin GPON (Gigabit Passiv Optik Şəbəkə) və simsiz texnologiyalar əsasında modernləşdirilməsi, sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması məqsədilə xidmət keyfiyyətinin və xidmət əhatə coğrafiyasının genişləndirilməsi üzrə “Onlayn Azərbaycan” layihəsi icra edilərək, ölkədə yüksəksürətli sabit genişzolaqlı internetə çıxış imkanı yaradılmış ev, mənzil və biznes subyektlərinin sayı 3 milyona çatdırılmış və sabit genişzolaqlı internetlə əhatə tam təmin edilib.

2025-ci ildə televiziya və radio yayımının təşkili və keyfiyyətinin yaxşılaşdırılması üzrə də işlər davam etdirilib, ölkə əhalisinin yaşadığı ərazilərin 99,8%-i açıq paketlə (1-9 TV proqram) sosial rəqəmsal televiziya yayımı ilə təmin olunub.