Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
ABŞ-də səfərdə olan əməkdaşları Corc Vaşinqton və Corc Meyson
Universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə
Təşkilatlarının rəhbərləri ilə görüşüb.

Trend xəbər
verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət
Abbasova gənclərə komitənin uzunmüddətli layihələri,
soydaşlarımızla qurulan möhkəm əlaqələr barədə məlumat verib,
müasir dövrdə miqrasiya prosesləri, diasporun məskunlaşma arealı və
inkişaf tendensiyaları haqqında danışıb.

Bildirilib ki, komitənin gənclərlə bağlı layihələri, xüsusilə
Diaspor Gənclərinin Yay Düşərgələri, ixtisaslaşmış forumlar,
“Diaspor Gəncləri 1+1” proqramı xaricdəki azərbaycanlı, eyni
zamanda ölkəmizə dost münasibəti bəsləyən xalqların gənclərini
vahid platformalarda birləşdirir və böyük maraqla qarşılanır.

Görüşdə komitənin xaricdə yaşayan gənclərin təşəbbüslərinə daim
açıq olduğu, ABŞ-dəki soydaşlarımızın yaratdığı 10-dan artıq
gənclər və tələbə təşkilatı ilə sıx əməkdaşlıq etdiyi diqqətə
çatdırılıb.

Tələbələr komitə əməkdaşlarına təhsilləri, təhsil ocaqlarının
ictimai həyatında iştirakları, eləcə də diaspor mühitindəki
təcrübələri barədə ətraflı məlumat veriblər.




Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı, Corc Vaşinqton
Universitetinin Tələbə Assosiasiyasının rəhbəri Humay Sadiq
düşərgənin ona geniş coğrafiyanı təmsil edən gənclərimizlə tanış
olmaq, fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq imkanı verdiyini
dilə gətirib.

Corc Meyson Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının
rəhbəri İlyas Vəliyev isə Amerika-Azərbaycan Gənclərinin II
Forumunda iştirakından, ABŞ-nin müxtəlif ştat və
universitetlərindən olan, böyük təhsil nailiyyətləri qazanan
gənclərimizlə tanış olmasından danışıb. Gənc soydaşımız forum
sayəsində qazandığı əlaqələrin onun üçün diaspor fəaliyyətində yeni
imkanlar yaratdığını və dəyərli təcrübə olduğunu bildirib.

Tədbirdə, həmçinin Amerika Azərbaycan Təşkilatları Alyansının
icraçı direktoru Nigar İbrahimova, ABŞ-də səfərdə olan Kanada
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova diaspor fəaliyyətində
qazandıqları zəngin təcrübəni gənc liderlərlə bölüşüblər.

Fikir mübadiləsi zamanı azərbaycanlı tələbə və gənclərin təsis
etdikləri təşkilatların təkcə ABŞ-də deyil, digər bir sıra xarici
ölkələrdə təhsil alan gənc soydaşlarımız arasında da informasiya
mübadiləsinin gücləndirilməsinə töhfələr verdiyi bildirilib.
Bununla yanaşı, tələbə-gənclər təşkilatlarının ölkəmizin zəngin
tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin, multikultural
ənənələrinin beynəlxalq mühitdə tanıdılması üçün müxtəlif
xarakterli maarifləndirmə tədbirləri həyata keçirdikləri təqdir
olunub.

Görüş müasir rəqəmsallaşma dövrünün çağırış və təşəbbüsləri,
yeni nəsil diasporun inkişaf perspektivləri barədə fikir
mübadiləsinin aparılması ilə yekunlaşıb.