
Bakı. Trend:
Yaxın Şərq gərginliyi fonunda Hizbullah Livandan İsrailə
raketlərlə hücum edib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Hücumla əlaqədar Qalileya bölgəsinin şəhər və qəsəbələrində və
Safiddə həyəcan təbili çalınır. Zərərçəkənlər və dağıntılar barədə
hələ ki, məlumat daxil olmayıb.
İsrail mediasının yazdığına görə təkcə ötən gecə ərzində
Livandan İsrailin şimalına 200-ə yaxın sursat atılıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.


