Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə artır – UNCTAD baş katibi (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə ardıcıl
şəkildə artır.

Bunu Trend-ə XIII
Qlobal Bakı Forumunun kuluarlarında BMT-nin Ticarət və İnkişaf üzrə
Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.

“Bu, Azərbaycanın özü üçün çox mühüm inkişaf amilidir, eyni
zamanda Avropa üçün də əhəmiyyətli enerji təchizatı mənbəyidir. Bu
gün isə Ukraynadakı müharibə şəraitində bu amil daha da böyük
əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hasilatı artıraraq və yaranan
çağırışlara effektiv şəkildə cavab verərək Avropa bazarını əvvəllər
təmin edən qaz mənbələrini qismən əvəz edə bilib.




“Digər mühüm göstərici ondan ibarətdir ki, Azərbaycan boru
kəmərləri vasitəsilə qaz təchiz edən əsas ölkələrdən biridir. O,
dünyanın 16 ölkəsinə qaz ixrac edir və bu, enerji bazarının
sabitliyinə töhfə verən ciddi nailiyyətdir”, – deyə Qrinspan
vurğulayıb.

XIII Qlobal Bakı Forumundan danışan baş katib bildirib ki,
tədbir aktual siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün mühüm
beynəlxalq platforma kimi özünü təsdiqləyib.

“Qlobal Bakı Forumu siyasi müzakirələr, geosiyasi məsələlərin və
texnologiyaların inkişafı, səhiyyə problemləri kimi konkret qlobal
çağırışların müzakirəsi, eləcə də dünya problemlərinin həlli
yollarının axtarışı baxımından mühüm platformaya çevrilib. Qlobal
çağırışların aradan qaldırılması üçün hansı kollektiv qərarların
zəruri olduğunu daha yaxşı anlamaq mümkün olsun deyə burada
müxtəlif siyasi baxışlara, təcrübəyə malik və müxtəlif regionlardan
olan insanların bir araya gəlməsi xüsusilə vacibdir”, – deyə o
əlavə edib.