
Bakı. Trend:
Yaxın Şərqdə müharibənin başlamasından təxminən iki həftə
keçdiyi bir vaxtda İranda 3,2 milyona yaxın insan məcburi köçkün
düşüb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə
Agentliyi məlumat verib.
“İlkin qiymətləndirmələrə əsasən, davam edən münaqişə
nəticəsində İranda 600,000 – 1,000,000 arasında ailə müvəqqəti
olaraq ölkə daxilində köçkün vəziyyətinə düşüb ki, bu da ümumilikdə
təxminən 3,2 milyon nəfər edir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının (UNHCR) fövqəladə dəstək qrupunun rəhbəri və Yaxın
Şərq üzrə fövqəladə vəziyyətə cavab tədbirlərinin əlaqələndiricisi
Ayaki İto bildirib.
O bəyanatında əlavə edib ki, döyüş əməliyyatları davam etdikcə
bu rəqəmin artacağı ehtimal olunur və bu, humanitar ehtiyacların
narahatedici şəkildə artdığını göstərir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin
müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb


