
Ruy Jorjenin Azərbaycan millisinə gətirilməsi gələcəyə hesablanmış addımdır.
Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O, Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi postuna Ruy Jorjenin gətirilməsi barədə danışıb:
“Əgər bir komandada hər hansı bir dəyişiklik edilirsə, deməli bu gələcək barədə müsbət fikirlər var. Düşünürəm ki, AFFA rəhbərliyi dünya çempionatına ciddi hazırlaşır və Ruy Jorjenin təyinatı gələcəyə hesablanmış addımdır. Rəhbərlik milli komandanın uğur qazanması üçün çalışır. Əslində belə götürsək, mundiala da elə çox vaxt qalmayıb. Lakin maksimum diqqətli olmaq və seçimlərdə yanılmamaq lazımdır. İnanırıq ki, ilk dəfə Azərbaycanda təşkil olunacaq dünya çempionatında yığmamız öz azarkeşləri önündə uğurlu nəticələr qazanacaq. Hər birimiz millimizi sona qədər dəstəkləməliyik”.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək. Bir neçə gün əvvəl AFFA U-20 millisinin baş məşqçi vəzifəsinə portualiyalı mütəxəssis Ruy Jorjenin təyin olunduğunu açıqlayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


