
Bakı. Trend:
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçün marşal
qeydiyyatına start verilib.
Trend xəbər
verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 24–26 sentyabr
2026-cı il tarixlərində keçiriləcək yarış üçün marşal proqramına
qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edir.
Qeyd edək ki, builki yarış Azərbaycanın Formula 1 təqvimində ev
sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələni
qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və
tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.
Marşal ol, Formula 1 həyəcanını yerində
yaşa!
Sürət və adrenalinin zirvəsi hesab olunan Formula 1 yarışının
atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün
fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən
ölkəsində yaşayan şəxslər Marşal proqramına qoşula bilər.
Marşallar trekdə operativ dəstək göstərərək yarışın təhlükəsiz
və uğurlu keçirilməsinə töhfə verirlər.
Beynəlxalq rəsmi lisenziya əldə etmək
fursəti
Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla
tamamlayan iştirakçıları Fédération Internationale de l’Automobile
(FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə
təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil,
dünyanın müxtəlif ölkələrində keçirilən Formula 1 qran priləri və
digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı
yaradır.
Qeyd edək ki, ötən il keçirilən Formula 1 Qatar Airways
Azərbaycan Qran Prisi zamanı yarışın təhlükəsiz və uğurlu
təşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu
xarici ölkələrdən qatılıb.
Necə qoşulmaq olar?
Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə edə və ya
[email protected] elektron ünvanına yazaraq öyrənə bilərsiniz.
Qeydiyyat linki: https://www.bakucitycircuit.com/az/marshals
Bu unudulmaz təcrübənin bir hissəsi olun və Formula 1-in
həyəcanını ən yaxın məsafədən yaşayın!


