MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) idman mühitində iştirak
edən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahının
qorunması istiqamətində ardıcıl addımlar atır. Bu strategiyanın
davamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və
müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman
Komissiyası yaradılıb.

MOK-dan Trend-ə verilən məlumata görə, komissiya idman mühitində
etik dəyərlərin, dürüstlüyün və ədalətli qərarların
möhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərin
beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və strateji
tövsiyələr təqdim edəcək.

Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik
şəxslərdən formalaşıb:

Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi,
Təhlükəsiz İdman Komissiyanın sədri;

Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin
icraçı direktoru;




Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri;

Fəridə Əzizova – Atletlər Komissiyasının sədri;

Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin şöbə müdiri.

Yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və
gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman
dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcək.