
Şəklin mənbəyi, Getty Images
- Müəllif, Kseniya Qoqitidze
- Vəzifə, BBC
Oxuma vaxtı: 8 dəq
İsrail və ABŞ artıq ikinci həftədir ki, İran İslam Respublikasını bombalayır, müsəlman dünyası isə müharibəni kənardan izləyir: bəziləri – ilk növbədə Fars körfəzi ölkələri -sanki ön sıradan, digərləri isə arxa sıradan baxır.
Amma islam ölkələrindən heç biri İrana kömək etməyə tələsmir və bir çoxu, əksinə, onu təhlükə kimi görür.
Tərəzinin bir gözündə panmüsəlman həmrəyliyi haqqında mif var, digər gözündə isə məzhəb ziddiyyətləri, qarşılıqlı etimadsızlıq, milli maraqlar, ABŞ-dan asılılıq və nəticələri proqnozlaşdırılması çətin olan növbəti müharibəyə cəlb olunmağı istəməmək dayanır.
İran regionda nüvə dövləti və hegemon olmağa çalışır. Və o artıq ikinci həftədir ki, qonşu ərəb ölkələrini də atəşə tutur.
“Bu, İranın son illərdə etdiyi ən böyük strateji səhvlərdən biridir. Uzun müddət Tehran öz oyununu kifayət qədər məharətlə aparır, ərəb dünyasına özünü islam həmrəyliyinin müdafiəçisi və bütün müsəlmanlar üçün humanitar mesajın daşıyıcısı kimi təqdim etməyə çalışırdı.
Lakin bu gün məhz İran ərəb ölkələrinə zərbələr endirir, həm də müqəddəs Ramazan ayının ən qızğın vaxtında”, – deyə Yaxın Şərq üzrə mütəxəssis Yasmina Asrargis bildirir.
İslam dünyası monolit deyil. Müsəlman (əsasən ərəb) ölkələrinin hər birinin hakimiyyəti ilk növbədə öz siyasi və iqtisadi maraqlarını rəhbər tutur və abstrakt həmrəylik naminə İrana kömək etməyə hazır deyil.
Üstəlik, müsəlman dünyasında İrana münasibət mürəkkəbdir. Bu, ərəb ölkəsi deyil: orada başqa dildə danışılır, əhalinin əksəriyyəti şiədir, halbuki dünyadakı müsəlmanların böyük əksəriyyəti sünnilərdir (bu barədə aşağıda). Hazırkı müharibənin dinlə yalnız dolayı əlaqəsi var, lakin tarixən məhz sünnilərlə şiələr arasındakı bölünmə Yaxın Şərqdə qüvvələr nisbətini böyük ölçüdə müəyyənləşdirib.
“Şiələrə qarşı sünnilər arasında həmrəylik ola bilməz, xüsusilə də şiə İran sünni dövlətlərinə hücum edirsə”, – deyə Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Fabris Balanş BBC-yə şərhində bildirir.
Bundan əlavə, İran müqəddəs Ramazan ayı zamanı öz sünni qonşularına hücum edib və onları maraqlarına birbaşa təhlükə yaradan daha ciddi bir münaqişəyə cəlb etməklə hədələyir.
İran və onun mübarizəsi

Şəklin mənbəyi, Getty Images
İslam Respublikasının əvvəllər də regionda və dünyada o qədər çox müttəfiqi yox idi, lakin bu gün Tehran, faktiki olaraq, tək qalıb. Niyə?
Təxminən yarım əsr davam edən mollalar rejiminin hakimiyyəti İranı Yaxın Şərqdə sabitliyi pozan əsas qüvvələrdən birinə çevirib. İslam dünyasının ölkələri ona ehtiyatla, bəzən isə açıq-aşkar düşmənçiliklə yanaşırdı.
1979-cu ildə baş verən İslam İnqilabı nəticəsində mollalar hakimiyyətə gəldikdən sonra İran ardıcıl şəkildə özünü müsəlman dünyasının mübarizəsinin avanqardı olan güclü islam dövləti kimi təqdim etməyə başladı.
Əsas düşmən kimi ABŞ elan edildi, İsrail isə “daha kiçik şər” kimi göstərildi. Tehran teokratik dövlət modelini başqa ölkələrə ixrac etməyi qarşısına məqsəd qoydu və xüsusilə regiondakı şiə azlığını qorumağa və silahlandırmağa çalışdı.
İranın ambisiyaları Fars körfəzi dövlətlərini, xüsusilə də ərazisində islamın əsas müqəddəs məkanları yerləşən Səudiyyə Ərəbistanını qane etmirdi.
Uzun illər ərzində Ər-Riyad və Tehran regionda nüfuz uğrunda mübarizədə bir-birini əsas rəqib kimi görürdü.
Fars körfəzi ölkələrinin neftlə zəngin ərəb monarxiyalarının siyasi sistemləri bir çox cəhətdən 1979-cu ildə devrilmiş İran şahının rejiminə bənzəyirdi və buna görə də onlar xalq üsyanlarından xüsusilə ehtiyat edirdilər.
Fars körfəzi ölkələrinin artıq ABŞ ilə sıx münasibətləri var idi və İranın ambisiyaları onların öz maraqları ilə birbaşa ziddiyyət təşkil edirdi.
Bu Yaxın Şərq “soyuq müharibəsi” onilliklər boyu davam etdi – ta ki 2023-cü ilə qədər.
Həmin il Ər-Riyad və Tehran Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası barədə razılığa gəldilər.
ABŞ və İsrailin İrana hücumundan sonra Səudiyyə Ərəbistanı və digər qonşu ölkələr İranın onların sabitliyinə və iqtisadi rifahına təhlükə yaratmağa hazır olduğunun açıq sübutunu əldə etdilər.
“Genişmiqyaslı münaqişənin necə inkişaf etməsindən asılı olmayaraq, İranın regiondakı nüfuzuna dəyən zərər artıq aydındır. Bir dəfə sarsılmış etimadı bərpa etmək son dərəcə çətindir”, – deyə Yaxın Şərq üzrə Qlobal Məsələlər Şurasının icraçı direktoru Xalid Əl-Caber Atlantic Council üçün yazdığı şərhdə qeyd edir.
Regionda öz təsirini gücləndirmək üçün İran onilliklər ərzində ABŞ və İsrailə qarşı yönəlmiş “müqavimət oxu” adlandırılan şəbəkə qururdu.
Tehran Livandakı şiə “Hizbullah” təşkilatını, Yəməndə husiləri və İraqdakı müxtəlif proksi qüvvələri silahlandırır və maliyyələşdirirdi, həmçinin Livan, Suriya, Bəhreyn və Yəməndəki münaqişələrə müdaxilə edirdi.
İran Fələstin məsələsindən də müsəlmanların müdafiəçisi kimi nüfuzunu möhkəmləndirmək üçün istifadə edirdi, HƏMAS və “İslami Cihad” təşkilatlarını dəstəkləyirdi.
Lakin bir çox ərəb ölkəsi bu addımları Fələstin işi uğrunda mübarizədən daha çox Tehranın öz təsirini genişləndirmək və region üzərində nəzarət qurmaq cəhdi kimi görürdü.
İranın nüvə silahına sahib olmaq istəyi də qonşularında ciddi narahatlıq yaradırdı.

Şəklin mənbəyi, Getty Images
Etimadsızlıq və nüfuz itkisi
Buna görə də İrana kömək etmək, həm əvvəlki illərdə, həm də indi – bir çox ərəb hökumətləri üçün yalnız regional tarazlığı pozan və öz sabitliklərinə təhlükə yaradan bir dövləti gücləndirmək demək olardı.
Yaxın Şərqdə yeni müharibənin necə başa çatacağı hələ məlum deyil, amma artıq aydındır ki, regiondakı həssas qüvvələr tarazlığı pozulub.
“Fars körfəzi ölkələri başa düşürlər ki, İran yalnız bir neçə zərbə ilə onların bütün iqtisadi inkişafını məhv edə bilər.
İran yenidən region üçün əsas təhlükəyə çevrilir. Bu, Səudiyyə Ərəbistanını İsrailə daha da yaxınlaşdıracaq: əsasən raket müdafiə texnologiyalarına, məsələn, krallığın müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirə bilən “Dəmir Qübbə” sisteminə çıxış əldə etmək üçün”, – deyə Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti bildirir.
İran tərəfindən dəstəklənən şiə qüvvələri sponsorlarına kömək etməyə hazır olsalar da, onların imkanları məhduddur.
2023-cü ilin oktyabrında Həmas-ın İsrailə hücumundan və ardından baş verən müharibədən sonra “Müqavimət oxu” əhəmiyyətli dərəcədə zəifləyib. İsrail əvvəlki Hizbullah komandasını məhv edib, Həmas-ı zəiflədib, Suriyanın keçmiş lideri və İranın müttəfiqi Bəşər Əsəd üsyançılar tərəfindən devrilib və Moskvaya qaçıb.
İslam dünyasında İrana etimadsızlıq, Tehran Fars körfəzi qonşularına İsrail və ABŞ-ın hücumlarına cavab olaraq hücum etdikdən sonra daha da artacaq.
“Bəlkə Tehran Fars körfəzi monarxiyaları üzərində təzyiqi artırmaq, onların isə ABŞ-a təzyiq göstərərək müharibəni dayandırmalarını təmin etmək niyyətində idi. Amma əslində baş verən tam əksidir”, – deyə Yasmina Asrargis bildirir.
Fars körfəzi ölkələri İranla əlaqə kanalları yaratmağa çalışırdılar.
Oman və Qətər tez-tez İran hakimiyyəti ilə dialoqda vasitəçi rolunu oynayırdılar.
Bu ölkələr gələcəkdə diplomatik səylərini davam etdirəcəklərmi- böyük sualdır.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images
Sünnilər və şiələr
Müsəlmanların böyük əksəriyyəti sünnilərdir (təxminən 1,8 milyard müsəlman arasında 85–90%), şiələr isə azlıq təşkil edir (10–15%). Əsas şiə icmaları İranda, Azərbaycanda, İraqda və Pakistanda yerləşir.
Bu bölünmə 632-ci ildə Peyğəmbər Məhəmmədin vəfatından sonra meydana gəlmiş səlahiyyət məsələsi ilə bağlı mübahisədən qaynaqlanır.
Tərəflər müsəlman icmasının – ümmanın – rəhbərliyinin kimdə olacağı barədə fikir ayrılığına düşdülər.
Şiələr (sözün özü “sadiqlər” və ya “Əli partiyası” deməkdir) səlahiyyətin Məhəmmədin yaxın qohumlarından biri olan Əli ibn Əbu Talibə verilməsini müdafiə edirdilər.
Onlar iddia edirdilər ki, o, Peyğəmbərin ən yaxın qohumu və tələbəsi kimi xəlifə olmaq haqqına malikdir.
Sünnilər isə hesab edirdilər ki, müsəlman icmasının rəhbəri Peyğəmbərin ən layiqli və nüfuzlu səhabələrindən seçilməlidir.
Birinci xəlifə Əbu Bəkr oldu – Məhəmmədin ən yaxın yoldaşlarından biri.
Xilafətdə hakimiyyət uğrunda mübarizə nəticədə Əlinin 661-ci ildə öldürülməsi ilə yekunlaşdı.
Onun oğulları Həsən və Hüseyn də qətlə yetirildi; xüsusilə Hüseynin 680-ci ildə indiki İraqda yerləşən Kərbəla şəhərində ölümü şiələr tərəfindən hələ də tarixi faciə kimi qəbul edilir.
Əvvəlcə siyasi olan fikir ayrılığı tədricən daha dərin dini və doktrinal bölünməyə çevrildi.
1979-cu il İran İnqilabı bu dini qarşıdurmanı geostrateji rəqabətə çevirdi. O vaxtdan bəri şiə İran və sünni Səudiyyə Ərəbistanı müsəlman dünyasında regional liderlik uğrunda mübarizə aparırlar.
İran rəhbərləri açıq şəkildə Səud sülaləsinin İslamın əsas müqəddəs məkanları – Məkkə və Mədinə üzərində qoruyucu hüququnu şübhə altına alırdılar və Həcc zamanı İranda təşviq edilmiş bir neçə insident iki ölkə arasındakı gərginliyi artırdı.
Tehranın təsirini azaltmaq üçün Ər-Riyad onilliklər boyunca müxtəlif şəbəkələr və hərəkatları maliyyələşdirdi; sonradan bu hərəkatlardan öz nəzarətindən çıxmış cihadçı təşkilatlar meydana çıxdı.

Şəklin mənbəyi, Getty Images
Müsəlmanlar üzərində təsir mübarizəsi
İran və Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma, eləcə də digər Fars körfəzi ölkələri uzun müddət Yaxın Şərqin siyasi dinamikasını müəyyən edib.
Amma Səudiyyə Ərəbistanının faktiki hökmdarı Məhəmməd bin Salman uzun müddətdir ki, gələcəyin Səudiyyə Ərəbistanını qurmaq arzusundadır və regiondakı qeyri-sabitlik ona mane olur.
O, ölkəni turistlər və sərmayədarlar üçün cəlbedici etmək istəyir və neft gəlirlərini öz milli layihəsi olan “Vizyon 2030” üçün xərcləməyə hazırdır.
O, günəş və külək enerjisini inkişaf etdirir və dünyanın ən varlı futbolçusu Kriştiano Ronaldonu yerli futbol liqasına dəvət edib.
Buna görə də Səudiyyə Ərəbistanı regionda sabitliyi qorumağa və İrana da daxil olmaqla bütün qonşularla praqmatik münasibətlər qurmağa çalışır.
Məhz buna görə 2023-cü ildə Çin vasitəçiliyi ilə Ər-Riyad və Tehran diplomatik əlaqələrin bərpası barədə razılığa gəldilər.
Fabris Balanş-ın sözlərinə görə, şahzadə bin Salman sabitliyi “hər qiymətə almağa” və hamı ilə razılaşmağa hazır idi, amma indi bu gələcək təhlükə altındadır.
Fars körfəzi ölkələrinin iqtisadi və siyasi maraqlar naminə ideoloji prinsiplərdən uzaqlaşmasından fərqli olaraq, İran əvvəlki prinsiplərindən heç vaxt imtina etməyib və hələ də inqilabi ideologiyalı dövlət olaraq qalır, – Birləşmiş Ərəb Əmirliklərindəki Amerika Universiteti professoru Nəcət Əl-Said qeyd edir.
“Səudiyyə Ərəbistanının məzhəb siyasətindən milli saudiçiliyə doğru inkişafı ilə İranda ideoloji sərtliyin artması arasındakı kontrast göstərir ki, siyasi sistemlər zamanın tələblərinə uyğun dəyişə bilir, amma ideoloji sistemlər əksinə daha sərt olur.
Onlar üçün hər hansı ciddi transformasiya öz varlığının itirilməsi riski deməkdir”, — deyə Nəcət Əl-Said vurğulayır.

Şəklin mənbəyi, Getty Images
İran: yenidən əsas təhlükə

Şəklin mənbəyi, Getty Images
Yaxın Şərqin geosiyasi xəritəsi “Abraham Sazişləri”nin imzalanmasından sonra əhəmiyyətli dərəcədə dəyişdi.
2020-ci ildə BƏƏ, Bəhreyn və Sudan, sonra isə Mərakeş İsraillə münasibətləri normallaşdırdı.
Yeni regional koordinat sistemində məhz İran bir sıra ərəb dövlətləri üçün ümumi düşmən kimi görünməyə başladı.
Səudiyyə Ərəbistanı da Qəzza müharibəsi başlamazdan əvvəl İsraillə münasibətləri normallaşdırmaq imkanını nəzərdən keçirirdi, baxmayaraq ki, Fələstin məsələsi razılaşmalara mane olurdu.
Əsas sual budur: müharibədən sonra nə baş verəcək? Tehrandakı hazırkı rejim – zəifləsə də sağ qalmış, yəni bəlkə də daha təhlükəli olan – qalacaq, yoxsa hakimiyyət dəyişəcək?
“Hadisələr necə inkişaf edərsə-etsin, bir şey aydındır: yaxın gələcəkdə İran əvvəlki güc səviyyəsini bərpa edə bilməyəcək. Molla rejimi qalsa da, ya da yeni rəhbərlik gəlsə də, ölkənin şah dövründə sahib olduğu təsiri bərpa etmək üçün vaxta ehtiyacı olacaq; o zaman İran, faktiki olaraq, Yaxın Şərqin “jandarmı” rolunu oynayırdı”, – deyə Fabris Balanş yekunlaşdırır.


