Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

“BakuBus” MMC-yə məxsus avtobuslarda bəzən sürücülərin
sərnişinlərdən gedişhaqqının ödənilməsini israrla tələb etməsi
diqqət çəkir. Bu isə sərnişinlər arasında belə bir sual yaradır:
görəsən, ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından
tutulurmu?

Məsələ ilə bağlı “BakuBus” MMC-dən Trend-ə bildirilib ki,
sərnişinlərin gedişhaqqını ödəmədən avtobusa daxil olması və ya hər
hansı səbəbdən ödənişdən yayınması halları ilə bağlı sürücülərin
maddi məsuliyyətə cəlb edilməsi və ya həmin məbləğin onların
əməkhaqqından tutulması kimi bir tətbiq mövcud deyil.

“Şirkətin daxili siyasətində sərnişin tərəfindən törədilən qayda
pozuntusuna görə sürücünün cərimələnməsi nəzərdə tutulmayıb.
Avtobuslarda quraşdırılmış videomüşahidə sistemləri və sürücü
kabinəsində yerləşən monitorlar sərnişin axınının izlənilməsi və
təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Sürücü vəzifə
təlimatına uyğun olaraq, gedişhaqqını ödəməyən sərnişinlərdən ön
qapıdan daxil olaraq ödənişi həyata keçirmələrini xahiş edir. Bu
yanaşma fərdi təşəbbüs deyil, sərnişindaşıma qaydalarının və
maliyyə intizamının təmin olunmasına xidmət edən standart
prosedurdur. Eyni zamanda qeyd edək ki, ödənişdən imtina halları və
bununla bağlı yaranan mübahisəli vəziyyətlər marşrut xətti üzrə
hərəkətdə gecikmələrə səbəb olur və digər sərnişinlərin vaxtında
mənzil başına çatmasına mənfi təsir göstərir”, – deyə şirkətdən
bildirilib.




MMC-dən qeyd edilib ki, bütün proseslər mərkəzləşdirilmiş
kamera-müşahidə mərkəzi tərəfindən mütəmadi olaraq arxivləşdirilir
və təhlil edilir.

“Avtobuslara ödəniş etmədən daxil olan sərnişinlərlər bağlı
videomüşahidə sistemləri vasitəsilə araşdırılır və nəticəsindən
asılı olaraq müvafiq şöbə tərəfindən qanunvericiliyin tələblərinə
uyğun tədbirlər görülür”,- deyə “BakuBus” MMC-dən əlavə edilib.