İran münaqişəsi dünyada kükürd qıtlığına yol açıb

Baş səhifə

Bakı. Trend:

İrandakı münaqişə səbəbindən dünyada kükürd tədarükündə yaranan
fasilələr artıq qiymətlərin artmasına səbəb olub və gələcəkdə bir
sıra sahələrə təsir göstərə bilər.

Trend xəbər verir
ki, bu barədə “Financial Times” yazır.

Nəşrin məlumatına görə, Hörmüz boğazı vasitəsilə gəmiçilik demək
olar ki, dayandırılıb ki, bu da kükürdün – neft və qazın emalından
əldə olunan yan məhsulunun tədarükünü məhdudlaşdırıb.

Bu resurs gübrələrin, kimyəvi maddələrin, metallərin və
mikroçiplərin istehsalında geniş istifadə olunur.

Qəzet yazır ki, ən böyük istehlakçı Çin bazarında kükürdün bir
tonunun qiyməti münaqişənin başlanğıcından etibarən 15% artaraq
rekord səviyyəyə – 4,65 min yuan ($672) – çatıb.




“CRU Group” analitiklərinin qiymətləndirməsinə görə, Fars
körfəzi ölkələri dünya kükürd ixracatının təxminən 45%-ni təmin
edir. Ekspertlər qeyd edirlər ki, tədarükdəki fasilələr qlobal
təchizat zəncirlərinə təzyiqi artıraraq gübrə, metallurgiya və
elektron sənaye məhsullarının qiymətlərinin daha da yüksəlməsinə
səbəb ola bilər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.