
Vaşinqton. Trend:
“GL Group” şirkəti ABŞ-nin neft yataqlarında əməliyyatlarını
genişləndirməyi planlaşdırır.
Trend-in xüsusi
müxbirinin məlumatına görə, bunu şirkətin Texniki Funksiyalar və
Beynəlxalq Əməliyyatlar üzrə baş vitse-prezidenti Qilbert Boyler
ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş
ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.
Qilbert Boyler qeyd edib ki, yaxın zamanda şirkətin ABŞ-də neft
yataqları əməliyyatları sektoruna genişlənməsi ilə bağlı elan
veriləcək.
“Biz prinsiplərimizi, standartlarımızı və təcrübəmizi qorumaq,
eyni zamanda əməliyyatlarımızın əsasını Azərbaycanda saxlamaq
istəyirik. Etdiyimiz işlərin çoxu Azərbaycan və ABŞ arasında
əməkdaşlığa yönəlib”, – deyə o bildirib.
Onun sözlərinə görə, şirkət son illərdə Azərbaycanda
onilliklərdir fəaliyyətdə olan mövcud yataqları optimallaşdırmaq,
quyuların səmərəliliyini, əməliyyat effektivliyini və xərc
intizamını artırmaq istiqamətində çalışır.
“Bu prosesdə əsas element tədqiqat və inkişafdır (R&D). Biz
yeni metodlar, texnologiyalar və yanaşmalar araşdırır, prototiplər
yaradır və performansı artırmaq üçün onları sınaqdan keçiririk. Biz
texnologiyaları sıfırdan yaratmırıq, əksinə ABŞ-də uğurla
hazırlanmış texnologiyalardan istifadə edir, onları Azərbaycan
şəraitinə uyğunlaşdırır və əməliyyatları optimallaşdırırıq”, – deyə
o əlavə edib.


