
Vaşinqton. Trend:
Azərbaycan enerji keçidi dövründə enerji sisteminin sabitliyini
təmin etməyə kömək edəcək enerji saxlama layihələrinin həyata
keçirilməsində maraqlıdır.
Trend-in xüsusi müxbiri xəbər
verir ki, bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət
Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və
Biznes Konfransında “Enerji infrastrukturu və enerji gələcəyinə
kapital axını” mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət
Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib.
İsayevin sözlərinə görə, bərpa olunan enerji texnologiyalarının
inkişafı əvvəllər baha başa gələn bir çox layihəni tədricən
iqtisadi cəhətdən daha səmərəli edir.
“Bu gün biz texnoloji irəliləyişlərin – məsələn, günəş enerjisi
və ya dənizdəki külək elektrik stansiyalarında – əvvəllər iqtisadi
cəhətdən çox bahalı hesab edilən layihələri sənaye üçün necə
cəlbedici və iqtisadi cəhətdən mümkün etdiyini görürük”, – o qeyd
edib.
O, həmçinin enerji keçidlərini həyata keçirən ölkələrin məhdud
elektrik şəbəkəsi tutumu problemi ilə üzləşdiyini vurğulayıb.
“Biz enerji saxlama texnologiyalarının inkişafını yaxından
izləyirik və enerji sisteminin dayanıqlığını təmin etməyə kömək
edəcək oxşar layihələrin həyata keçirilməsində maraqlıyıq”, – o
əlavə edib.


