Britaniyalı yazıçı və minlərlə yaradıcı şəxs süni intellektə qarşı kampaniya başladıb

Baş səhifə

Bakı. Trend:

Aralarında Kazio İşiquro, Filippa Qreqori və Riçard Osman kimi
məşhur yazıçıların da olduğu təxminən 10 min yaradıcı insan müəllif
hüquqlarının qorunması ilə bağlı kampaniyaya qoşulub.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “This Book Was Stolen” (“Bu kitab oğurlanıb”)
adlı kampaniyada minlərlə müəllif iştirak edib və kitabda yalnız
onların adlarının siyahısı yer alıb. Nəşrin nüsxələri Böyük
Britaniya hökumətinin müəllif hüquqları qanunvericiliyində təklif
olunan dəyişikliklərin iqtisadi təsirini qiymətləndirməsindən bir
həftə əvvəl, “London Book Fair” çərçivəsində iştirakçılara
paylanıb.

Nazirlər 18 martadək həm iqtisadi təsirin qiymətləndirilməsi,
həm də hüquqi islahatlarla bağlı məsləhətləşmələrin gedişi barədə
məlumat təqdim etməlidirlər. Bu proses süni intellekt şirkətlərinin
yaradıcı insanların əsərlərindən necə istifadə etməsi ilə bağlı
narazılıqların artdığı bir vaxta təsadüf edir.

Kampaniyanın təşkilatçısı, bəstəkar və müəllif hüquqlarının
müdafiəsi üzrə fəal olan Ed Nyuton-Reks bildirib ki, süni intellekt
sənayesi icazəsiz və ödənişsiz götürülmüş əsərlər üzərində
qurulub.

Onun sözlərinə görə, generativ süni intellekt məhz üzərində
təlim keçdiyi insanların işi ilə rəqabət aparır və onların
dolanışıq imkanlarını azalda bilər. Nyuton-Reks hökuməti ölkənin
yaradıcılarını qorumağa və süni intellekt şirkətlərinin əsərlərin
“oğurlanmasını” qanuniləşdirməməyə çağırıb.

Kitabın arxa üz qabığında isə belə yazılıb: “Böyük Britaniya
hökuməti süni intellekt şirkətlərinin xeyrinə kitab oğurluğunu
qanuniləşdirməməlidir”.




Eyni zamanda nəşriyyat sektoru sərgi çərçivəsində süni intellekt
üçün lisenziyalaşdırma təşəbbüsü də irəli sürüb.

Generativ süni intellekt sistemlərinin, o cümlədən çatbotlar və
görüntü generatorlarının hazırlanması üçün internetdən böyük həcmdə
məlumat toplanır. Bu məlumatların bir hissəsi müəllif hüquqları ilə
qorunan əsərlərdən ibarət olduğuna görə məsələ dünya üzrə yaradıcı
mütəxəssislərlə texnologiya şirkətləri arasında ciddi mübahisələrə
və məhkəmə iddialarına səbəb olub.

Məsələn, ötən il süni intellekt şirkəti Anthropic, yaratdığı
Claude sisteminin təlimi üçün müəlliflərin əsərlərinin pirat
nüsxələrindən istifadə edildiyi iddiaları ilə bağlı kollektiv
məhkəmə işini həll etmək üçün təxminən 1,5 milyard dollar ödəməyə
razılaşmışdı.

Britaniyalı yaradıcı şəxslər hökumətin əsas təklifinə də kəskin
reaksiya veriblər. Bu təklif süni intellekt şirkətlərinə müəllif
hüquqları ilə qorunan əsərlərdən sahibinin icazəsi olmadan istifadə
etməyə imkan verə bilər, yalnız müəllif bu prosesdən imtina
etdiyini əvvəlcədən bildirməlidir.

Etiraz edənlər arasında məşhur musiqiçi Elton John da var. O,
müəllif hüquqları qanunvericiliyinin yumşaldılması ehtimalını
tənqid edərək hökumətin mövqeyini “tam məğlubiyyət” adlandırıb.

Hökumət isə bildirib ki, məqsəd həm insan yaradıcılığını
qoruyan, həm də innovasiyaya imkan verən balanslı müəllif hüquqları
sistemi yaratmaqdır. Rəsmi sözçünün sözlərinə görə, hökumət
yaradıcı sektorla məsləhətləşmələri davam etdirəcək və 18 martadək
parlamentə yenilənmiş məlumat təqdim edəcək.