Xaçmaz rayonunun Qusarçay kəndində “Yelin nəfəsi – baharın müjdəsi” adlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunun Qusarçay kəndində Novruz bayramının mənəvi
rəmzi olan Yel çərşənbəsi qədim adət-ənənələrimizə sədaqətlə,
yüksək səviyyədə qeyd olunub. “Yelin nəfəsi – baharın müjdəsi” adlı
tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd
ictimaiyyəti iştirak ediblər.

Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb. Uşaqlar
tonqal ətrafında yallı gediblər. Kosa və Keçəlin şən zarafatları,
maraqlı səhnəcikləri iştirakçılarda xoş ovqat yaradıb. Ənənəvi
Novruz süfrəsi – şəkərbura, paxlava, qovurğa və səməni ilə
bəzədilmiş xonçalar bayramın rəngarəngliyini artırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Yel
çərşənbəsi münasibətilə təbrik edərək, bu mərasimin xalqımızın
əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərimizin tərkib hissəsi
olduğunu vurğulayıb. Qeyd olunub ki, Yel çərşənbəsi təbiətin
oyanışını, küləyin müjdəçilik missiyasını, həmçinin birlik və
həmrəylik ruhunu təcəssüm etdirir.




Bayram proqramı folklor kollektivlərinin çıxışları, milli
oyunlar və xalq mahnıları ilə davam edib. Qusarçay kənd sakinləri
belə tədbirlərin gənc nəslin milli-mənəvi tərbiyəsində,
vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını
bildiriblər.

Beləliklə, Qusarçayda Yel çərşənbəsi təkcə bayram sevinci deyil,
həm də köklərimizə sahib çıxmaq, ənənələrimizi yaşatmaq və gələcək
nəsillərə ötürmək üçün əlamətdar bir fürsət olub. Torpaq
çərşənbəsinə doğru addımlayan xalqımız bu müqəddəs günlərdə
birliyini, dostluğunu və bayram əhval-ruhiyyəsini bir daha nümayiş
etdirib.