
Bakı. Trend:
Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində
təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi
videosu ictimaiyyətə təqdim olunub.
Trend-in
məlumatına görə, “Just Go” sevgi, kədər və daxili güc haqqında
emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan
sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə
açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal
imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.
Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı
bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də
ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və
prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad
Əlidir.
Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu
buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər
bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq
fəaliyyətini davam etdirir.
Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq
Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi
Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın
birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı mayın 14-də,
böyük final isə mayın 16-da baş tutacaq.


