İran Səudiyyə Ərəbistanına kütləvi dron hücumu həyata keçirib

Baş səhifə

Bakı. Trend:

İran Səudiyyə Ərəbistanına kütləvi dron hücumu həyata
keçirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə
Nazirliyi məlumat yayıb.

Məlumata görə, Cəvf bölgəsində, o cümlədən Şeybə neft yatağının
ərazisində artıq bir neçə dron ölkənin hava hücumlarından müdafiə
sistemləri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə və
regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər
və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş
aparatları ilə zərbələr endirməyə başlayıb.




İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin
müxtəlif ölkələrini əhatə edib: İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk
günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket
və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.
Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq
obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak
olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ
bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında
aldığı ağır yaralardan sonra ölüb.

Region ölkələrinin hava hücumundan müdafiə sistemləri İranın
çoxsaylı raket və dron hücumlarının böyük hissəsini
zərərsizləşdirib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya neft qiymətləri kəskin
artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.