
Rusiya ordusunda Ukraynaya qarşı döyüşən əsgərlərdən biri qarşı tərəfə keçdiyini bəyan edib.
Modern.az xəbər verir ki, məlumatı Ukrayna KİV-I yayıb.
Çernıy soyadlı əsgər hazırda Ukraynadakı Rusiya Könüllü Korpusunun (RKK) tərkibində döyüşür.
Hərbçinin sözlərinə görə, o, 2022-ci ilin əvvəllərində Rusiya ordusuna qoşulub. Dekabr ayında onun bölməsi müvəqqəti olaraq işğal altında olan Zaporojye bölgəsindəki Enerqodar şəhərinə göndərilib.
Çernıy bildirib ki, real vəziyyəti və komandanlığın hərəkətlərini görəndə Rusiya ordusundan ayrılmaq qərarına gəlib, lakin o və digər beş əsgər cəzalandırılaraq Donetsk cəbhəsinə köçürülüb.
Nəticədə o, Ukrayna qüvvələrinə təslim olmaq qərarına gəlib. Rus əsgərin sözlərinə görə, geri qayıtmaq istəmədiyi üçün hətta ölümü də düşünüb.
İki ay əsirlikdə qaldıqdan sonra Çernıy Rusiya Könüllü Korpusuna qoşulub və Ukrayna uğrunda döyüşməyə başlayıb. Rusiya ordusunda xidmət təcrübəsi ona düşmən qüvvələrinin yeri haqqında vacib məlumatları ötürməyə kömək edir.
Çernıy bu qərardan sonra ailəsinin ondan imtina etdiyini də söyləyib.


