Xilasedicilər dağlıq ərazidə köməksiz qalan xarici ölkə vətəndaşlarını xilas ediblər

Baş səhifə

Bakı. Trend:

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi
yaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota
Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və
vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları
təhlükəsiz əraziyə təxliyə ediblər.