
Bakı. Trend:
8 mart tarixində Əlcəzair Xalq Demokratik Respublikasının dövlət
naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri
naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramova telefon zəngi edib.
Trend xəbər verir
ki, XİN-in məlumatına görə, danışıq zamanı tərəflər regional və
beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana
qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi
aparıblar.
Azərbaycan tərəfi bu hücumları ölkənin suverenliyi və ərazi
bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım kimi qiymətləndirib
və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat
verib.
Əlcəzair naziri Əhməd Attaf mövcud vəziyyətlə bağlı
narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz
olduğunu vurğulayıb və problemlərin beynəlxalq hüquq prinsipləri
əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini
qeyd edib. O, həmçinin Azərbaycanla həmrəyliyini ifadə edib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Əlcəzair ikitərəfli
münasibətlərinin inkişaf perspektivlərini də müzakirə ediblər.


