Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Yaxın
Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda
deyilir:
“Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər
Nazirləri Şurası 7 mart 2026-cı il tarixində İstanbulda çağırıldı
və regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insan
iztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlara
səbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlar
artması barədə ətraflı məsləhətləşmələr həyata keçirdi.
Nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onun
dağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər.
Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədə
sabitliyi pozan bütün hərəkətləri pislədilər.
Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansı
təhdidin bütün Təşkilat üçün narahatlıq doğurduğunu vurğuladılar və
güc tətbiqinin yolverilməzliyini və suverenlik və ərazi bütövlüyü
kimi universal prinsiplərə riayət etməyin vacibliyini qeyd
etdilər.
Nazirlər İran İslam Respublikasının ərazisindən Türkiyə
Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan
Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata
keçirilən hücumları qətiyyətlə pislədilər.
Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlik
coğrafiyasını genişləndirmə riskini daşıyan bu kimi məsuliyyətsiz
hərəkətlərin təkrarlanmamasına dair çağırış etdilər.
Nazirlər bu çərçivədə Türkiyə Respublikası və Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə
güclü dəstəklərini ifadə etdilər və hər iki ölkənin xalqları və
hökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqlədilər.
Onlar Yaxın Şərqdə sabitliyin bütün region və onun xalqlarının
tərəqqisi və rifahı üçün zəruri olduğunu vurğuladılar.
Nazirlər ziddiyyətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin
prinsiplərinə uyğun olaraq dialoq vasitəsilə dinc yollarla həllinin
vacibliyini vurğuladılar.
Onlar eskalasiyanın dərhal azaldılması, qarşıdurmaların
dayandırılması və dinc həllə doğru aparan yeganə mümkün yol kimi
diplomatiyanın və konstruktiv dialoqun həlledici əhəmiyyətini
vurğuladılar. Onlar bütün tərəfləri maksimum təmkin göstərməyə,
danışıqlar masasına qayıtmağa və bütün fikir ayrılıqlarının dinc
diplomatik vasitələrlə həllinə yönəlmiş xoşməramlı danışıqlarda
iştiraka çağırdılar.
Nazirlər qarşıdurmaların davam etməsinin regional sülh və
təhlükəsizliyə birbaşa təhdid yaratdığını vurğuladılar.
Nazirlər həmçinin böhranın qlobal ölçülərini vurğuladılar. Onlar
strateji cəhətdən mühüm olan bu bölgədə uzun müddət davam edən
qeyri-sabitliyin beynəlxalq sülh və təhlükəsizlik, o cümlədən
qlobal enerji bazarları, ticarət marşrutları, ərzaq təhlükəsizliyi
və miqrasiya axınlarında potensial pozulmalar baxımından regionun
hüdudlarındankənardakı ölkələrə təsir göstərə biləcək ciddi risklər
daşıdığını qeyd etdilər.
Onlar həmçinin müvafiq BMT qətnamələrinə uyğun olaraq iki dövlət
prinsipi əsasında Fələstin münaqişəsinin ədalətli, davamlı və
hərtərəfli həllinə və bu kimi ədalətli və davamlı həllin
tapılmasına və Fələstin xalqının, xüsusən də Qəzzada üzləşdiyi
humanitar iztirablarının aradan qaldırılmasını qarşısına məqsəd
qoyan beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq edilməsinə
sadiqliklərini yenilədilər.
Nazirlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd
və prinsiplərinə və beynəlxalq hüquqa sarsılmaz sadiqliklərini bir
daha təsdiqləyərək, TDT-nin regionda sülhün və sabitliyin bərpasına
yönəlmiş bütün həqiqi beynəlxalq səyləri dəstəkləməyə hazır
olduğunu bildirdilər.
Nazirlər məsələni diqqətdə saxlamağa və bu və ortaq narahatlıq
doğuran digər əlaqədarməsələlər üzrə TDT çərçivəsində sıx
koordinasiyanı davam etdirməyə razılaşdılar.
Nazirlər qətiyyətlə sülh, dialoq və sabitliyə tərəfdar
olduqlarını bildirdilər”.

