
Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurası Türkiyə və Azərbaycana dəstəyini ifadə ediblər.
“Report” xəbər verir ki, bu barədə Şuranın Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanatında yer alıb.
Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansı təhdidin bütün təşkilat üçün narahatlıq doğurduğunu vurğulayıblar və güc tətbiqinin yolverilməzliyini, suverenlik və ərazi bütövlüyü kimi universal prinsiplərə riayət etməyin vacibliyini qeyd ediblər.
Baş diplomatlar İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyiblər.
Nazirlər bu çərçivədə Türkiyə Respublikası və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə güclü dəstəklərini ifadə ediblər, hər iki ölkənin xalqları və hökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqləyiblər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


