
Bakı.Trend:
Novruz bayramı ərəfəsində bazarlarda və satış məntəqələrində
bayram süfrəsinin əsas atributlarından sayılan çərəz və quru
meyvələrə tələbat ənənəvi olaraq artır. Alıcıların artan marağı ilə
paralel olaraq, bazarlarda qiymətlərdə də müəyyən dəyişikliklər
müşahidə olunur. Xüsusilə fındıq, qoz, badam, püstə, həmçinin
kişmiş kimi çərəzlər, ərik qurusu və digər quru meyvələr bayram
süfrəsinin ayrılmaz hissəsi olduğu üçün bu məhsulların satışında
canlanma yaranır. Bayram yaxınlaşdıqca tələbat daha da yüksəlir və
bu hal bazardakı qiymətlərə necə təsir edir?
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, ənənəvi olaraq Novruz bayramı, Yeni il və digər
uzunmüddətli tətillər dövründə mövsümə uyğun istifadə olunan
məhsullara tələbat kəskin şəkildə artır. Məsələn, Yeni il
ərəfəsində bayram oyuncaqlarına, yolkalara, müxtəlif bəzək
əşyalarına və hədiyyələrə tələbatın artdığını müşahidə edirik.
“Belə dövrlərdə müəyyən məhsullar üzrə bazarda tələbatın kəskin
artması baş verir. Məsələn, 8 Mart bayramı ərəfəsində güllərə
tələbat ciddi şəkildə yüksəlir və bu dövrdə həmin məhsulların
qiyməti təxminən 10-20% arta bilir.
Novruz bayramı dövründə isə xüsusilə İrandan idxal olunan
məhsulların daha çox istifadə edildiyini görürük. Quru meyvələr və
bayram süfrəsi üçün istifadə olunan digər məhsullara tələbat artır.
Bu səbəbdən həmin məhsulların qiymətlərində də artım ehtimalı
yaranır. Burada məsələ yalnız məhsulların birbaşa İrandan idxal
olunması ilə bağlı deyil. Eyni zamanda Türkiyədən gələn bəzi
məhsullar da Azərbaycana İran üzərindən tranzit yolu ilə
çatdırılır.
Bu baxımdan logistika məsələlərində yaranan çətinliklər,
risklərin artması və narahatlıqlar da qiymətlərə təsir göstərə
bilər. Qeyd etmək lazımdır ki, bu cür qiymət artımları əsasən
bayram ərəfəsində müşahidə olunur və bayramdan sonra bazar tədricən
əvvəlki vəziyyətinə qayıdır”.
İqtisadçı vurğulayıb ki, ümumilikdə İrandan gələn məhsulların
qiymətlərində müəyyən artım gözlənilir.
“Bunun bir neçə səbəbi var. Birincisi, mövcud vəziyyət risk
faktorlarını artırır. İkincisi, təchizat zəncirində müəyyən
qırılmalar baş verə bilər. Üçüncüsü isə İran üzərindən Azərbaycana
gələn yüklərin marşrutlarının dəyişməsi və ya daşınma xərclərinin
artması ehtimalı mövcuddur.
Hazırda regionda gərgin vəziyyətin olması da yükdaşıma sektoruna
təsir göstərir. Daşıyıcı şirkətlər risklərin artması səbəbindən ya
qiymətləri yüksəldə, ya da bəzi marşrutlar üzrə daşımadan imtina
edə bilərlər. Əlbəttə, alternativ marşrutlar həmişə mövcuddur,
lakin əsas marşrutların seçilməsinin səbəbi onların daha sərfəli və
daha qısa olmasıdır. Alternativ marşrutlardan istifadə edildikdə
isə məsafə uzanır və ya daşınma xərcləri artır ki, bu da son
nəticədə məhsulların qiymətinə təsir göstərir”.
Ekpert əlavə edib ki, nəticə etibarilə, Novruz bayramı ilə
əlaqədar tələbatı artan məhsulların qiymətində müəyyən artımın
olması gözləniləndir. İranla bağlı mövcud vəziyyət isə bu qiymət
artımını daha da sürətləndirə bilər.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə Trend-ə açıqlamasında
bildirib ki, bazarda təklif kifayət qədərdir, yəni çərşənbələrdən
başlayaraq satış məntəqələrində müxtəlif çeşiddə çərəz və quru
meyvələrin bol olduğu görünür.
“Müşahidələr göstərir ki, bəzi məhsullarda qiymətlər ötən illə
müqayisədə nisbətən aşağıdır, amma bu, bütün məhsullara aid deyil.
Məsələn, bəzi çərəz və quru meyvə növlərində qiymətlərdə müəyyən
azalma var, digərlərində isə cüzi artım müşahidə olunur. Ümumilikdə
isə qiymətlərin əsasən eyni səviyyədə qaldığını demək olar”, – deyə
o qeyd edib.
Ekspertin fikrincə, alıcılar daha çox əsas qida məhsullarına
üstünlük verirlər. Bunlara çörək, süd məhsulları, makaron,
vermişel, kartof, soğan kimi gündəlik və daha ucuz məhsullar
daxildir:
“Təbii ki, bayram yaxınlaşdıqca insanlar müəyyən qədər
alış-veriş edəcəklər. İnsanlar bayram süfrəsində müəyyən
məhsulların olmasını istəyirlər. Sadəcə, imkanları məhdud olanlar
daha ucuz məhsullara üstünlük verərək süfrədə simvolik bir bayram
ab-havası yaratmağa çalışırlar”.
O qeyd edib ki, İrandan müəyyən məhsulların ixracına məhdudiyyət
qoyulması və ya İranla bağlı logistika məsələləri qısa müddətdə,
xüsusilə də bayrama qədər bazara ciddi təsir göstərməyəcək:
“Hazırda bazarda quru meyvə və çərəz məhsullarının çatışmazlığı
müşahidə olunmur, əksinə, görünür ki, sahibkarlar bayram dövründə
tələbatın artacağını nəzərə alaraq əvvəlcədən daha çox məhsul
gətiriblər”.
“Onlar adətən bilirlər ki, bayram günlərində müəyyən qədər satış
olacaq və buna görə də ehtiyatlarını artırırlar. Bununla belə,
istisna deyil ki, bəzi sahibkarlar bayramdan istifadə edərək
qiymətləri süni şəkildə artırmağa cəhd etsinlər, lakin hazırkı
vəziyyətdə bazarda kəskin qiymət artımı üçün ciddi iqtisadi əsas
görünmür”,- deyə ekspert əlavə edib.


