
Rusiya və Ukrayna arasında sülh sazişi üzrə müzakirələr davam edir və yaxın həftələrdə bu məsələdə əlavə irəliləyişin əldə edilməsi gözlənilir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bəyan edib.
“ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında biz müharibəyə birdəfəlik son qoyacaq sülh sazişinin hazırlanması üzərində işləyərək mənalı nəticələr əldə etməyə davam edirik. Müzakirələr gedir və yaxın həftələrdə əlavə irəliləyişin əldə edilməsi gözlənilir”, – o qeyd edib.
S.Uitkoff, həmçinin Rusiya və Ukrayna arasında hərbiçilərin mübadiləsini müsbət qiymətləndirib.
“Bu həftə Ukrayna və Rusiya ABŞ-nin iştirakı ilə Cenevrədə keçirilən son üçtərəfli danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq 1 000 nəfərin geri qaytarılması ilə nəticələnən növbəti əsir mübadiləsini həyata keçirdi. Bu mübadilə Prezident Trampın göstərişi ilə aparılan uzunmüddətli və ətraflı sülh danışıqları sayəsində reallaşdırılıb”, – o vurğulayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


