Ötən ay Sosial Xidmətlər Agentliyinin müəssisələrinə 57 nəfər qəbul olunub

Baş səhifə

Bakı. Trend:

Bu ilin fevral ayı ərzində Agentliyin müəssisələrinə ümumilikdə
57 nəfər qəbul olunub və benefisiarlar müxtəlif xidmətlərlə əhatə
olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər
Agentliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 34 nəfəri kişi, 23 nəfəri isə
qadındır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 13 filialı və
21 müəssisəsi ilə həssas kateqoriyadan olan şəxslərə səyyar,
stasionar və yarımstasionar formada xidmətlər göstərilir.




Agentliyin tabeliyində olan sosial xidmət müəssisələri
vasitəsilə sosial xidmətə ehtiyacı olan şəxslər stasionar və
yarımstasionar şəkildə sosial-məişət, həmçinin sosial-psixoloji,
tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlərlə təmin
olunurlar.

Bu xidmətlərə əlilliyi olan şəxslər üçün sosial xidmət
müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Ahıl
şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin
Peşə-Əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım
Mərkəzi, uşaq evləri və s. müəssisələrdə göstərilən xidmətlər
daxildir.

Müəssisələrdə mütəmadi olaraq sosial reabilitasiya xidmətlərinin
təkmilləşdirilməsi istiqamətində işlər görülür, xidmətlərə dair
müasir standartların və innovativ yanaşmanın tətbiq olunması
məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həmçinin sakinlərin
asudə vaxtının səmərəli təşkili, onların cəmiyyətə sağlam
inteqrasiyası daim diqqətdə saxlanır”, – məlumatda bildirilib.