Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi regionda qarşılıqlı etimad mühitinə xələl gətirir – Rauf Əliyev

Baş səhifə

Bakı. Trend:

İran İslam Respublikasının ərazisindən həyata keçirilmiş dron
hücumları regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid
yaradan hadisə kimi qiymətləndirilməli və qətiyyətlə
pislənilməlidir. Belə hadisələrin baş verməsi fonunda məsuliyyət
məsələsi hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, beynəlxalq
hüququn norma və prinsipləri əsasında aydın mövqe ortaya
qoyulmalıdır. Naxçıvan ərazisinə qarşı dron zərbəsinin endirilməsi
regionda təhlükəsizlik və qarşılıqlı etimad mühitinə xələl gətirən
qəbuledilməz addım kimi dəyərləndirilməlidir. Xüsusilə də mülki
infrastruktura qarşı yönəlmiş hər hansı hücum beynəlxalq humanitar
hüququn norma və prinsiplərinə ziddir və bu cür addımlar heç bir
halda məqbul sayıla bilməz.

Bu kimi hərəkətlər beynəlxalq hüququn əsas prinsiplərinin
pozulması olmaqla yanaşı, regionda gərginliyin artmasına və
sabitliyin pozulmasına səbəb ola bilər. Bu baxımdan İran tərəfinin
qısa müddət ərzində məsələyə aydınlıq gətirməsi, müvafiq izahat
verməsi və gələcəkdə belə halların baş verməməsi üçün zəruri
tədbirlər görməsi vacib hesab olunur. Azərbaycan dövləti isə hər
zaman mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq
prinsiplərinə sadiq qalıb və heç bir dövlət üçün təhlükə mənbəyi
olmayıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti
tərəfindən İranın Ali Liderinin vəfatı ilə bağlı başsağlığının
ifadə olunması və diplomatik nümayəndəliyin ziyarət edilməsi yüksək
siyasi mədəniyyətin, humanizm və qarşılıqlı hörmətin bariz nümunəsi
kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti daim məsuliyyətli və
səmimi siyasət yürüdərək, çətin anlarda qonşu xalqlara humanitar
dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib.

Əgər mülki obyektlərin və mülki vətəndaşların istifadə etdiyi
infrastrukturların hədəfə alınması faktı təsdiq olunarsa, bu,
beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilməlidir.
Azərbaycan dövləti isə hər zaman soydaşlarımızın hüquq və
azadlıqlarının qorunmasına xüsusi həssaslıqla yanaşır və onların
müdafiəsini prioritet məsələ kimi qəbul edir. Tarixi təcrübə də
göstərir ki, aqressiv və məsuliyyətsiz addımlar heç vaxt
uzunmüddətli nəticə vermir və sonda öz siyasi-hüquqi qiymətini
alır.

Azərbaycan Respublikası suveren dövlət kimi ölkənin
təhlükəsizliyini təmin etmək və vətəndaşlarının müdafiəsini qorumaq
məqsədilə beynəlxalq hüquqa uyğun bütün zəruri addımları atmaq
hüququnu özündə saxlayır və regionda sülhün, sabitliyin və
qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olaraq
qalır.

Rauf Əliyev,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü