Xorvatiya şirkəti Azərbaycanla bərpa olunan enerji sahəsində imzalanmış razılaşmanın detallarını açıqladı (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın “Energia Naturalis d.o.o” şirkəti Azərbaycan
Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə bərpa olunan enerji
sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun
detallarını açıqlayıb.

Şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Anlaşma
Memorandumu ilkin 12 aylıq müddət üçün əməkdaşlıq çərçivəsini
müəyyən edir. Vurğulanıb ki, bu müddət ərzində əsas diqqət birgə
qiymətləndirmə fəaliyyətlərinə, təcrübə mübadiləsinə və bərpa
olunan enerji mənbələrinə gələcək investisiyaları dəstəkləyə
biləcək şərtlərin hazırlanmasına yönələcək.

Qeyd edilib ki, memoranduma əsasən, BOEMDA və ENNA Azərbaycanın
bərpa olunan enerji sektorunda mövcud imkanların qiymətləndirilməsi
və iqtisadi cəhətdən səmərəli investisiyalar üçün zəruri əsas
şərtlərin müəyyən edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Vurğulanıb ki, bu əməkdaşlıq xüsusilə bərpa olunan enerji
layihələrinə, o cümlədən günəş elektrik stansiyaları və külək
elektrik stansiyalarına yönələcək.

“Əməkdaşlıq çərçivəsində BOEMDA, müvafiq Azərbaycan enerji
qurumları və ENNA nümayəndələrindən ibarət Birgə Rəhbər Komitəsinin
yaradılması nəzərdə tutulur. Bu komitə Memorandum çərçivəsində
həyata keçirilən fəaliyyətləri istiqamətləndirəcək, nəzarət edəcək
və qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.

Bu Anlaşma Memorandumu “ENNA Group”un Enerji bölməsinin
beynəlxalq genişlənməsində mühüm addım olmaqla yanaşı, şirkətin
xarici bazarlardakı mövqeyinin gücləndirilməsi baxımından
əhəmiyyətli mərhələ hesab olunur. Memorandumun imzalanması ilə ENNA
Azərbaycanın bərpa olunan enerji layihələrinə potensial
investisiyalara gətirib çıxara biləcək əməkdaşlıq çərçivəsini əldə
edən ilk Xorvatiya şirkəti və ilk Avropa şirkətlərindən biri olub.
Bu investisiyalar əlavə qiymətləndirmələr və müvafiq təsdiqlərdən
asılı olacaq”, – məlumatda qeyd edilib.




Cavid Abdullayev bildirib ki, Xorvatiyanın “Energia Naturalis
d.o.o” şirkəti ilə imzalanan Anlaşma Memorandumu ilə bərpa olunan
enerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılması
və mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə
tutulur: “Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfelə
malik olan şirkətidir. O, yalnız bərpa olunan enerji sahəsində
fəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istər
bərpa olunan enerji mənbələrinin ərazilərinin Azərbaycanda
diversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasının
diversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmiz
üçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstək
verəcək”.

“ENNA Group”un baş icraçı direktoru Boştjan Napast isə qeyd
edib:

“Bu Anlaşma Memorandumu ENNA Group üçün beynəlxalq bazarlarda
irəliyə doğru böyük addımdır və uzunmüddətli, keyfiyyətli
tərəfdaşlıqlar vasitəsilə enerji keçidinə töhfə vermək ambisiyamızı
təsdiqləyir. Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak
imkanları nadir və strateji əhəmiyyətə malikdir. Etibarlı tərəfdaş
kimi tanınmağımızdan qürur duyuruq və Energetika Nazirliyi ilə
birlikdə dayanıqlı və kommersiya baxımından əsaslandırılmış
layihələrin potensialını qiymətləndirməyi səbirsizliklə
gözləyirik”.

Qeyd edək ki, bu il martın 3-də Azərbaycan Respublikası
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi (BOEMDA) və Xorvatiyanın “Energia Naturalis d.o.o”
şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb. Memorandum Bakıda keçirilən Cənub
Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl
Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində
imzalanıb.

Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “Energia Naturalis d.o.o” şirkətinin İdarə Heyətinin sədri Boştjan
Napast imzalayıblar.