Bakı. Trend:
Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli
və data əsaslı qərarlar” mövzusunda forum keçirilir.
Trend xəbər
verir ki, forumda Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat
naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan
Nəzərli və digər rəsmilər iştirak edirlər.
Forumun məqsədi vergi sistemində yeni idarəetmə modellərinin,
rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərinin
müzakirəsi, həmçinin vergi qanunvericiliyində aparılan
dəyişikliklər və vergi inzibatçılığında müasir yanaşmaların təqdim
edilməsidir.
Forum çərçivəsində vergi sistemində gender məsələlərinə dair
videoçarx nümayiş etdiriləcək və vergi ödəyicilərinin təltif
edilməsi mərasimi keçiriləcək.
Daha sonra təqdimatlar bölməsində rəqəmsal iqtisadiyyatın
inkişafı və vergi inzibatçılığında rəqəmsal həllər mövzusunda birgə
təqdimat keçiriləcək. Təqdimatda 4SİM-in icraçı direktoru Fariz
Cəfərov, Dövlət Vergi Xidmətinin Data analitika idarəsinin rəisi
Roman Bandurin və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə
rəisi Günay Mahmudova çıxış edəcəklər.
Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş
idarəsinin rəisi Nicat İmanov və həmin idarənin şöbə rəisi Gülnar
Ağazadə tərəfindən vergi qanunvericiliyinə edilən dəyişikliklər və
formalaşmış stereotiplər mövzusunda təqdimat olacaq.
Forum çərçivəsində intizamlı vergi ödəyicilərinə təşəkkür
videoçarxı nümayiş etdiriləcək, vergi ödəyicilərinin növbəti
təltifetmə mərasimi keçiriləcək.
Xəbər yenilənəcək

