
Bakı. Trend:
ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində indiyə
qədər yaralananların sayı 6 min nəfəri keçib.
Trend-in
məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər
Miadfər yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 2500 nəfər müalicə
alır.
Miadfər bildirib ki, indiyə qədər təcili yardım əməkdaşlarından
1 nəfər ölüb, 27 nəfər yaralanıb.
Təşkilat rəsmisi qeyd edib ki, ötən günlər ərzində 11 xəstəxana
və 6 təcili yardım mərkəzi vurulub.
Əlavə edək ki, ötən gün İranda hərbi hava hücumları nəticəsində
ölənlərin sayının 1 045 nəfər olduğu bildirilib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.


