
Ekvador hakimiyyəti Kuba səfiri Basilio Qutyerrez və onun diplomatik heyətini arzuolunmaz şəxs elan edib. Ölkənin Xarici İşlər Nazirliyi onlara Ekvador ərazisini tərk etmək üçün 48 saat vaxt verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kuba Xarici İşlər Nazirliyi də öz növbəsində qərarı “özbaşına və əsassız” və ölkələr arasındakı tarixi əlaqələri sarsıdan “qeyri-dost və misli görünməmiş hərəkət” adlandırıb.
Havana hesab edir ki, qovulma 7 və 8 mart tarixlərində Mayamidə 12 Latın Amerikası ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan sammitdən əvvəl “ABŞ-ın təzyiqi” ilə əlaqələndirilə bilər.
“Reuters” mənbələrinin məlumatına görə, Ekvador polisi və hərbi qulluqçuları Kitodakı Kuba səfirliyinin yaxınlığındakı ərazidə patrul xidməti aparırlar. Ekvador səfirin ölkədən çıxarılması ilə bağlı qərarın Kuba ilə diplomatik münasibətlərin kəsilməsinin olub-olmadığını dəqiqləşdirməyib. Qərarın rəsmi səbəbləri açıqlanmayıb, hakimiyyət orqanları yalnız Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə istinad ediblər.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


