Serbiyada ÜDM artımının iki ilə qədər təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir

Baş səhifə
Serbiyada ÜDM artımının iki ilə qədər təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir

Serbiyada ÜDM artımının bu il 3 faiz, 2028-ci ilə qədər isə təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir.

“Report”un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın Baş naziri Curo Matsut bildirib.

O qeyd edib ki, bu, məhsuldarlığın artımı, texnoloji yenilənmə və dayanıqlı investisiya mühiti əsasında təmin olunmalıdır:

“Ümumilikdə, 2025-ci il çətin beynəlxalq şəraitdə, Avropanın bəzi iqtisadi seqmentlərində yavaşlama və qlobal bazarlarda qeyri-sabitlik fonunda başa çatdı. Serbiya isə 2025-ci ili iki faiz real ÜDM artımı ilə başa vurub və belə bir mühitdə artımın qorunması iqtisadiyyatın dayanıqlığını və son illərdə formalaşdırılmış makroiqtisadi çərçivənin sabitliyini təsdiqləyir”.

Baş nazir əlavə edib ki, ötən il hökumətin əsas prioritetlərindən biri qiymət sabitliyinin qorunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması olub: “2025-ci il ərzində inflyasiya tədricən azaldılıb və cari ilin yanvar ayı üzrə 2,4 faiz təşkil edib. Bu nəticə monetar və fiskal siyasətin koordinasiyası, eləcə də qiymət təzyiqlərinin azaldılmasına yönəlmiş konkret tədbirlər hesabına əldə olunub. Qiymətlərin sabitləşməsi ilə paralel olaraq əməkhaqları da artıb. 2025-ci ilin dekabrında Serbiyada orta aylıq xalis əməkhaqqı ilk dəfə min avronu keçərək 1 059 avro olub”.