
Bakı. Trend:
Azərbaycan son illərdə regional və qlobal enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib. Xəzər
hövzəsinin zəngin ehtiyatları, ardıcıl və praqmatik enerji
siyasəti, şaxələndirilmiş ixrac marşrutları və Avropa ilə strateji
tərəfdaşlıq ölkəmizin bu sahədə rolunu daha da gücləndirib. Bakı
Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji
Məşvərət Şuralarının iclasları da göstərdi ki, Azərbaycan artıq
yalnız enerji istehsalçısı deyil, eyni zamanda etibarlı təchizatçı
və regional enerji mərkəzidir.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsində xüsusi yer
tutur. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Gürcüstan və Türkiyə
üzərindən Avropaya nəql edilir. Layihənin əsas hissələri olan TANAP
və Trans-Adriatik Boru Kəməri Cənubi Qafqazdan başlayaraq Avropanın
enerji sisteminə birbaşa çıxış yaradır. Son illərdə qaz ixracının
coğrafiyası genişlənib və Prezident İlham Əliyevin qeyd etdiyi
kimi: “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin
sayı 16-ya çatıb”. Bu göstərici Azərbaycanın enerji
diplomatiyasının və texniki imkanlarının real nəticəsidir.
Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə
çatdırılır. Almaniya və Avstriyanın da təchizat siyahısına
qoşulması ölkəmizin Avropanın enerji balansında rolunu daha da
artırıb. Dövlət başçısının vurğuladığı kimi: “Bu göstərici üzrə
Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin
sayına əsasən dünyada birinci yerdədir”. Bu, yalnız statistik
üstünlük deyil, həm də etibarlılıq göstəricisidir”, – o
bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qaz potensialı əsasən
Şahdəniz, Azəri-Çıraq-Günəşli, Abşeron və Ümid yataqları hesabına
formalaşır.
“Yaxın illərdə bu yataqlardan əlavə 10-15 milyard kubmetr qaz
hasilatı gözlənilir. Lakin artan hasilat mövcud infrastrukturun
genişləndirilməsini də zəruri edir. Prezident İlham Əliyev
çıxışında bunu açıq şəkildə ifadə edib: “Çünki bu gün Cənub Qaz
Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir”. Bu reallıq yeni
interkonnektorların və ötürücü xətlərin yaradılmasını strateji
prioritetə çevirir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, qazla yanaşı, Azərbaycan neft ixracında
da mühüm mövqeyə malikdir.
“Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Xəzər nefti Aralıq
dənizi hövzəsinə və oradan dünya bazarlarına çıxarılır. Azərbaycan
nefti əsasən İtaliya, Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya,
Fransa və İspaniya kimi Avropa ölkələrinə, həmçinin Asiya
bazarlarına ixrac olunur. İtaliya uzun illərdir ki, Azərbaycan
neftinin ən böyük alıcısı olaraq qalır. Ümumilikdə Azərbaycan nefti
onlarla ölkəyə çatdırılır və Avropa bazarı burada əsas paya
malikdir. Ölkə eyni zamanda tranzit funksiyasını da genişləndirib.
Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq
sahillərindən əlavə həcmlərin qəbul edilməsi üçün mövcud
infrastruktur Azərbaycanın regional enerji qovşağına çevrildiyini
göstərir. Bu, Avrasiya məkanında enerji axınlarının təhlükəsiz və
fasiləsiz təmin olunmasında mühüm rol oynayır.
Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq artıq strateji
səviyyəyə yüksəlib. Avropa Komissiyasının enerji üzrə nümayəndəsi
Dan Yorgensen Bakıda keçirilən iclasda Azərbaycan qazının Avropa
enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacağını vurğuladı.
Son illərdə Avropanın enerji mənbələrini şaxələndirməsi fonunda
Azərbaycan sabit və proqnozlaşdırılan tərəfdaş kimi çıxış edib.
Müqavilə öhdəliklərinə riayət olunması, siyasi sabitlik və
uzunmüddətli enerji strategiyası bu etimadı möhkəmləndirən əsas
amillərdir”, – o bildirib.
Politoloq vurğulayıb ki, bununla paralel olaraq Azərbaycan
enerji keçidi prosesini də fəal şəkildə həyata keçirir.
“ACWA Power və Masdar ilə reallaşdırılan külək və Günəş elektrik
stansiyaları ölkənin enerji balansında alternativ mənbələrin payını
artırır. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji istehsalı
planlaşdırılır ki, bu da daxili istehlakda qazdan istifadənin
azalmasına və ixrac potensialının genişlənməsinə imkan verəcək.
Prezident İlham Əliyevin vurğuladığı kimi: “Beləliklə, qazıntı
yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də
Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, –
ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi
halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə
yatırması, – hesab edirəm ki, iş məhz belə aparılmalıdır”. Bu
yanaşma Azərbaycanın enerji siyasətinin balanslı və praqmatik
əsaslara söykəndiyini göstərir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan bu gün həm 16 ölkəyə qaz
ixrac edən, həm Avropa İttifaqının 10 üzv dövlətinin qaz
təchizatçısı olan, həm də onlarla ölkəyə neft ixrac edən mühüm
enerji ölkəsidir:
“Ölkə eyni zamanda regional tranzit mərkəzinə çevrilib və
paralel şəkildə yaşıl enerji keçidini həyata keçirir. Bütün bu
faktorlar Azərbaycanın Avropa və ümumilikdə Avrasiya məkanında
enerji təhlükəsizliyinin təmin edilməsində strateji və uzunmüddətli
əhəmiyyət daşıdığını göstərir”.


