Azərbaycanda kassa çeklərinin formatı dəyişə bilər – ARAŞDIRMA

Baş səhifə

Azərbaycanda pərakəndə ticarət şəbəkələrində tətbiq olunan kassa çekləri müasir rəqəmsal iqtisadiyyatın tələblərinə cavab vermir.

Əsas problem satılan malların üzərində olan unikal identifikasiya kodunun – GTIN-in (Global Trade Item Number – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) kassa çeklərində göstərilməməsidir. Mövcud praktika istehlakçı hüquqlarının müdafiəsi, bazar şəffaflığı və dövlət nəzarəti baxımından ciddi boşluq yaradır.

“Report” mövzunu Azərbaycan istehsalı olan məhsullar üçün ştrixkod verən “GS1 Azerbaijan” İctimai Birliyi ilə müzakirə edib.

Qurumun İdarə heyətinin sədri Vəfa Əliyev deyir ki, hazırda ticarət obyektlərində təqdim olunan çeklərin əksəriyyətində məhsulun adı, qiyməti və miqdarı göstərilsə də, həmin məhsulu dəqiq və dəyişməz şəkildə identifikasiya edən GTIN qeyd olunmur: “Məhsulun adı qısaldıla, dəyişdirilə və ya texniki səhvlərlə yazıla bilər. Lakin GTIN hər bir məhsul üçün unikal kod hesab olunur və onun birmənalı identifikasiyasını təmin edir. Müşahidələr göstərir ki, bəzi hallarda çeklərdə yalnız ümumi məbləğ əks olunur, bəzi hallarda isə məhsullar kateqoriya üzrə qruplaşdırılır. Daha geniş yayılmış formatda isə məhsulun adı və qiyməti göstərilir. Lakin əksər hallarda çeklərdə GTIN qeyd edilmir. Nəticədə satılan məhsul barədə dəqiq informasiya əldə etmək mümkün olmur”.

Onun sözlərinə görə, bu boşluq xüsusilə qida məhsulları, uşaq qidası, dərman vasitələri və tez xarab olan mallar üçün risklidir: “Hər hansı məhsul geri çağırıldığı halda istehlakçı özündə olan çek vasitəsilə həmin məhsulu alıb-almadığını dəqiq müəyyən edə bilmir. Bu isə həm vətəndaşların təhlükəsizliyini, həm də operativ dövlət nəzarətini zəiflədir. GTIN-in olmaması saxta və keyfiyyətsiz məhsullarla mübarizəni də çətinləşdirir. İstehlakçı məhkəmə və ya inzibati mübahisə zamanı konkret məhsulu aldığını sübut etməkdə çətinlik çəkir. Bu isə bəzi istehsalçı və satıcılar üçün qeyri-leqal fəaliyyətə əlavə imkan yaradır”.

V. Əliyev hesab edir ki, məhsul səviyyəsində identifikasiya aparılmaması kölgə dövriyyənin azaldılması istiqamətində rəqəmsal nəzarət mexanizmlərini zəiflədir: “Dövlət orqanları satılmış mallar üzrə strukturlaşdırılmış və analizə yararlı məlumat əldə edə bilmir. Bu isə bazar monitorinqini, kontrafakt məhsullarla mübarizəni məhdudlaşdırır. Problemin həlli üçün kassa çeklərinə dair normativ tələblərə dəyişiklik edilməli və hər bir mal mövqeyi üzrə GTIN-in göstərilməsi mərhələli şəkildə məcburi xarakter almalıdır. İlk mərhələdə dərman vasitələri və uşaq qidası kimi yüksək riskli kateqoriyalar əhatə oluna bilər. Daha sonra isə bütün qida və digər istehlak mallarına tətbiq edilə bilər”.

Onun fikrincə, bu məsələdə ilk addımlardan biri kassa aparatlarının proqram təminatının yenilənməsidir: “Keçid dövrü müəyyən edilməli və biznes subyektləri üçün aydın yol xəritəsi hazırlanmalıdır. Kassa çeklərində GTIN-in göstərilməsi əlavə bürokratik yük deyil, bazar təhlükəsizliyi və şəffaflığının artırılması istiqamətində zəruri addımdır. Bu mexanizmin tətbiqi istehlakçı hüquqlarının müdafiəsini gücləndirə, dövlət nəzarətini effektivləşdirə və pərakəndə ticarətdə etimadı artıra bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə qeyd edir ki, GTIN – əmtəənin qlobal identifikasiya nömrəsi məhsulların beynəlxalq təchizat zəncirində izlənməsini təmin edən xüsusi kod sistemidir: “Bu mexanizm artıq bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur və əsas məqsəd vahid uçot sisteminin yaradılmasıdır. GTIN-in tətbiqi məhsulların izlənməsi və bazarda şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kodlar vasitəsilə vergi yoxlamaları, vergi nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı dövriyyənin dəqiqliyinə daha effektiv nəzarət etmək mümkün olur”.

Onun sözlərinə görə, belə bir sistem qeyri-qanuni dövriyyənin azalmasına və iqtisadiyyatın “ağardılması”na da töhfə verir: “GTIN kodlarının tətbiqi bazarda şəffaflığın artmasına, qeyri-leqal iqtisadiyyatın minimallaşdırılmasına xidmət edir. Kodlaşdırma sistemi eyni zamanda məhsulların virtual elektron anbar mexanizmi vasitəsilə izlənməsinə imkan yaradır. Bu halda fiziki anbarların daimi yoxlanmasına ehtiyac azalır və dövriyyə üzrə məlumatları elektron sistem üzərindən əldə etmək mümkün olur”.

“Bir çox ölkələrdə bu sahə ya dövlət qaydaları, ya da müvafiq palatalar tərəfindən qəbul olunan standartlarla tənzimlənir. Azərbaycanda isə bu istiqamətdə tənzimləmə Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar əsasında həyata keçirilə bilər. Qaydalarda əmtəənin qlobal identifikasiya nömrəsinin tətbiqi artıq nəzərdə tutulub. Bu baxımdan əsas məsələ mövcud qaydaların icrasına nəzarətin gücləndirilməsi və sistemli nəzarət mexanizminin tətbiq edilməsidir”, – deyə deputat qeyd edib.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə bildirir ki, qlobal ticarət kodunun (GTIN) kassa çeklərində göstərilməsi istehlakçılar üçün böyük əhəmiyyət daşıyır: “Bu halda istehlakçı kassa çekindəki kodu, xüsusilə mobil tətbiqlər vasitəsilə oxuyaraq məhsulun istehsal tarixi, son istifadə müddəti və digər vacib məlumatlar barədə geniş informasiya əldə edə bilər. Müasir texnologiyalar bu sahədə daha effektiv nəzarət mexanizmlərinin tətbiqinə imkan verir”.

Onun sözlərinə görə, xüsusi proqram təminatı vasitəsilə ticarət şəbəkələrində istifadə müddəti bitmiş məhsulların satışının qarşısını almaq mümkündür: “Belə sistem qurulduğu halda, müddəti keçmiş məhsul sadəcə olaraq kassadan keçməyəcək. Hazırda bu imkandan geniş istifadə olunmur. Təəssüf ki, malların təhlükəsizliyinə nəzarət edən dövlət qurumları ticarət şəbəkələrində bu cür texnoloji tətbiqlərin geniş yayılmasına kifayət qədər maraq göstərmirlər”.

Ekspertin fikrincə, qlobal ticarət kodlarının kassa çeklərində göstərilməsi istehlakçı hüquqlarının qorunması baxımından mühüm addım ola bilər.

Beləliklə, Azərbaycanda kassa çeklərinin mövcud formatı müasir rəqəmsal nəzarət tələblərinə uyğunlaşdırılmadığı təqdirdə istehlakçı təhlükəsizliyi və bazar şəffaflığı ilə bağlı risklər davam edəcək. GTIN-in məcburi tətbiqi isə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcı ola bilər.