
Bakı. Trend:
Uşaq doludursa, deməli sağlamdır” fikri tibbi baxımdan həmişə
doğru deyil. Uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa və
cinsə uyğun boy-çəki göstəriciləri əsasında qiymətləndirilir.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə
açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda bədən kütlə indeksi (BKİ) yaş və
cins üzrə normativ cədvəllərdən istifadə edilərək qiymətləndirilir:
“Bu cədvəllərər əsasən 85-ci persentildən yuxarıdırsa artıq çəki,
95-ci persentildən yuxarıdırsa piylənmə sayılır. Eyni zamanda,
böyümə əyrisinə də baxmaq vacibdir, yalnmız tərəzidəki rəqəm
diaqnoz qoymur”.
Mütəxəssis-ekspert bildirib ki, çörək yemək isə uşağın avtomatik
sağlam olması demək deyil: “Çörək qida rasionunun bir hissəsi ola
bilər, amma sağlamlıq bütöv qidalanma modeli ilə ölçülür. Uşaq
meyvə, tərəvəz, zülal, süd məhsulları və müxtəlif qida qrupları ilə
balanslı qidalanmalıdır. Taxıl qrupunda da ən azı yarısının tam
taxıl olması tövsiyə edilir. Valideynlər, xüsusilə buna diqqət
etməlidirlər. Uşaqda çəkinin sürətlə artması, qarın nahiyəsində
həddindən artıq piylənmə, az hərəkətlilik, nəfəs darlığı,
xoruldama, tez yorulma, boy artımının zəifləməsi, boyun və
qoltuqaltında dərinin tündləşməsi kimi əlamətlər varsa, bu artıq
sadəcə “doluluq” yox, xəstəlik siqnalı ola bilər. Uşaqlıq
piylənməsi gələcəkdə yüksək təzyiq, insulin müqaviməti, tip 2
diabet və yuxu problemləri riskini artırır”.
A.Əkbərzadə sonda vurğulayıb ki, ən doğru yanaşma uşağın
görünüşünə görə yox, pediatr və ya uşaq endokrinoloqu tərəfindən
boy-çəki dinamikasının, qidalanma vərdişlərinin, fiziki aktivliyin
və yuxu rejiminin birlikdə qiymətləndirilməsidir.


