İrandan atılan raket Türkiyə hava məkanında zərərsizləşdirilib

Baş səhifə
İrandan atılan raket Türkiyə hava məkanında zərərsizləşdirilib

Türkiyə hava məkanında İrandan atılan raket NATO raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

“Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların sözügedən təhdidin havada məhv edilməsindən sonra qarşısını alan hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı can itkisi və ya xəsarət qeydə alınmayıb”, – məlumatda bildirilib.

Həmçinin əlavə olunub ki, Türkiyənin vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində iradəsi və imkanları ən yüksək səviyyədədir.

“Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır. Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.