
Bakı. Trend:
İranda Ali Lider vəzifəsinə namizədlər müəyyənləşib.
Trend-in
məlumatına görə, bunu İranın Ekspertlər Şurasının üzvü Seyid Əhməd
Xatəmi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ekspertlər Şurasının üzvlərinin Ali Lider
üçün rəyləri öyrənilib və şura seçimə yaxındır.
Xatəmi bildirib ki, hazırda müharibə şəraitində qanuni prosedur
davam edir və uyğun zamanda Ali Lider seçiləcək.
“Qarşı tərəfin iki əsas məqsədi var idi. Birincisi Ali Lideri
vurmaq və təəssüf ki, bunu həyata keçirdi. İkinci məqsəd isə
Ekspertlər Şurasını vurmaqdır. Buna əsasən addımlar tədbirli
şəkildə atılır”, – deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.


