Milli kadr siyasətində yeni mərhələ: “Yüksəliş” modeli (FOTO)

Baş səhifə

Bakı.Trend:

Qlobal transformasiyaların dərinləşdiyi və insan kapitalı
uğrunda rəqabətin gücləndiyi müasir şəraitdə kadrların keyfiyyəti
və idarəetmənin səmərəliliyi dövlətlərin dayanıqlı inkişafını
müəyyən edən əsas amillərə çevrilir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev vurğulayır ki, ölkənin strateji gələcəyi
insan potensialının inkişafı və təbii resurslara əsaslanan modeldən
biliklər iqtisadiyyatına keçidlə birbaşa bağlıdır.

Bu strateji xətt Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə ardıcıl şəkildə
tamamlanır. O, uzun illərdir, təhsilin inkişafına, gənclərin
dəstəklənməsinə və intellektual elitanın formalaşdırılmasına xüsusi
diqqət yetirir. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar və
təhsil təşəbbüsləri insan kapitalına və cəmiyyətin sosial
dayanıqlığına uzunmüddətli investisiyalar kimi dəyərləndirilir.

Məhz bu kontekstdə “Yüksəliş” müsabiqəsi bu gün kadr
layihəsindən əlavə, Azərbaycanın dövlət siyasətinə üzvi şəkildə
inteqrasiya olunmuş, idarəetmə kadrlarının inkişafı üzrə milli
model və standart kimi qəbul olunur.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini,
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd
edir:

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin güclü insan kapitalının və peşəkar idarəetmə
elitasının formalaşdırılması ilə bağlı baxışına tam uyğun şəkildə
həyata keçirilir. Bizim əsas məqsədimiz qalibləri
müəyyənləşdirməklə yanaşı, dövlət prioritetlərini effektiv şəkildə
reallaşdıra bilən və ölkənin uzunmüddətli inkişafına töhfə verən
kadrların formalaşması üçün dayanıqlı ekosistem yaratmaqdır”.

İnsan kapitalı strateji prioritet kimi

Azərbaycanda insan kapitalına investisiyalar təhsil, idarəetmə
kadrlarının hazırlanması və yeni liderlik mədəniyyətinin
formalaşdırılmasını əhatə edən kompleks və sistemli xarakter
daşıyır. Bu yanaşma əsas resurs kimi insanın, onun biliklərinin,
idarəetmə təfəkkürünün və məsuliyyətli qərarlar qəbul etmək
bacarığının önə çəkildiyi uzunmüddətli inkişafın şüurlu
seçimidir.

Bu baxımdan “Yüksəliş” müsabiqəsi perspektivli idarəçilərin
aşkar edilməsi, inkişafı və davamlı şəkildə müşayiət olunmasına
yönəlmiş dövlət strategiyasının praktik alətlərindən biri kimi
çıxış edir.

Müsabiqədən dayanıqlı instituta doğru




2019-cu ildə təsis olunduğu gündən “Yüksəliş” müsabiqəsi müasir
kadr siyasətinin meritokratiya, şəffaflıq və bərabər imkanlar
prinsipləri əsasında qurula bildiyini sübut etmişdir. Müsabiqədə
iştirak Azərbaycan vətəndaşları üçün sosial mənşəyindən, yaşadığı
regiondan və peşə sahəsindən asılı olmayaraq açıqdır.

Çoxmərhələli seçim sistemi, yəni onlayn testlər, praktiki
tapşırıqlar, komanda layihələri və final təqdimatları yalnız bilik
səviyyəsini deyil, həm də idarəetmə düşüncəsini, liderlik
potensialını və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərmək
bacarığını qiymətləndirməyə imkan verir.

Yeni nəsil kadr ehtiyatının
formalaşdırılması

“Yüksəliş”in prinsipial fərqi ondan ibarətdir ki, müsabiqə
qaliblərin elan olunması ilə yekunlaşmır. Onun iştirakçıları
mentorluq proqramlarını, təlimləri, real layihələrdə iştirakı və
peşəkar əlaqələrin qurulmasını əhatə edən uzunmüddətli inkişaf
ekosisteminə daxil edilirlər.

Kadr ehtiyatının və Kadr Bankının yaradılması dövlət və özəl
qurumlara hazırlıqlı və motivasiyalı mütəxəssislərə çıxış imkanı
verir, iştirakçılara isə strateji əhəmiyyətli sahələrdə öz
potensiallarını reallaşdırmaq fürsəti yaradır.

Kadr inkişafının milli standartı

Bu gün “Yüksəliş” getdikcə yalnız cari ehtiyaclara deyil,
ölkənin gələcək inkişafına yönəlmiş idarəetmə kadrlarının
hazırlanması üzrə milli standart kimi dəyərləndirilir. Müsabiqə
strateji düşünə bilən, qlobal çağırışlara uyğunlaşan və dövlətin
inkişafına görə məsuliyyəti üzərinə götürən yeni idarəetmə
elitasını formalaşdırır.

Beləliklə, “Yüksəliş” müsabiqəsi insan kapitalına investisiya
üzrə dövlət strategiyası ilə onun praktik icrası arasında
əlaqələndirici vasitəyə çevrilərək Azərbaycanın dayanıqlı
inkişafının məhz insana qoyulan investisiyalardan başladığını
təsdiqləyir.